Azərbaycanda daha bir beynəlxalq turnir keçiriləcək

  • 4 Oktyabr 2017, 16:00

Avropa Voleybol Konfederasiyası Azərbaycana növbəti dəfə etimad göstərib. Sportlife.az xəbər verir ki, Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatının ardından, çimərlik voleybolu üzrə beynəlxalq turnirə də (2017 CEV-EEVZA Beach Volleyball Satellite Baku ) ev sahibliyi edəcək.


Oktyabrın 11-dən 14-dək davam edəcək yarış “Su İdmanı Sarayı”nda keçiriləcək. Azərbaycanı turnirdə Ruslan Əliyev – Vüsal Qurbanov, Vadim Kutukov – Pərviz Səmədov, Fidan Ağaməmmədova – Dünya Vəliyeva, İlhaməƏliyeva –İrina Abbaszadə və Nazilə Səlimova – Viktoriya Ağakişiyevadan ibarət cütlüklər təmsil edəcək.


Kişilərin mübarizəsində Rusiyadan 5, Çexiyadan 4, Avstriya, Hollandiya, Danimarka, Ukrayna, Fransa, Yunanıstandan 2, Finlandiya, Sloveniya, İsveç, Türkiyə, İtaliya və Latviyanın hərəsindən 1 komanda gücünü yoxlayacaq.

 

Qadın voleybolçuların yarışına isə Avstriya, Belçika, Belarus, Şotlandiya, Sloveniya, İsveç, Kipr, Almaniya, Yunanıstan, Çexiya (hamısı 1 cütlük), Macarıstan, Hollandiya, Danimarka (2), Fransa (3) və Rusiya (5) təmsilçiləri qatılacaqlar.


Yarışın ilk günü, 11-13 oktyabrda təsnifat mərhələsi, 14-də isə yarım final və final oyunları keçiriləcək.
Qeyd edək ki, oyunlar 3 meydançada baş tutacaq. I yer 880, II yer 640, III yer 520 avro məbləğində mükafatlandırılacaq.


Paylaş: