Azər Bağırov: "Üç hakimdən ikisi cəhənnəmlikdir"

  • Dünən, 20:12

Azərbaycan Premyer Liqasının X turunun “Neftçi” – “Kəpəz” oyunundan (5:1) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– Oyuna itkilərlə çıxmışdıq. Ağır olacağını bilirdik. Ehtiyat skamyamız çox kasad idi. Fikirləşirdik ki, ilk hissədə nələrisə öz xeyrimizə dəyişə bilərik. Təəssüf ki, alınmadı, məğlub olduq.

– Komanda gəlişinizdən sonra 4 oyunda 9 qol buraxıb. Müdafiənin zəifliyinin səbəbi nədir?
– Bir oyun azlıqda oynamışıq, bugünkü gün də ehtiyat skamyamız demək olar, yox idi. Ba və Ohorinin olmaması böyük itki idi. Təəssüf ki, itkilər sözünü dedi. Heç kim bu qədər qol buraxmaq istəməz. Əfsuslar olsun, boşluqlar var. Bunun öhdəsindən gələcəyik.

– Bu heyətlə hara qədər davam edəcəksiniz?
– Keyfiyyətdən danışmaq istəmirəm. Oyunçular mənimdir və xalları da onlarla yığacağıq. Zəif tərəflərimiz var, dəyişikliklər edəcəyik. Bilirik ki, harda kimi dəyişmək lazımdır.

– Hakimlikdən danışmaq istəmirsiniz?
– Hakimlik elə mövzudur ki, qarışıqdır. Tək bizdə deyil, bütün dünyada. Çox şey danışmaq istəmirəm. Bilirəm ki, dinimizdə də üç hakimdən ikisi cəhənnəmlikdir. Qərarı verəndə fikirləşsinlər ki, kiminsə haqqına girməsinlər. Ötən matçda 11 dəqiqə oyun dayanır, ilk hissəyə 5 dəqiqə əlavə edilir. Çox şeylər olur. Yəqin, biz də vaxt keçdikcə təcrübə qazanarıq. Bilsinlər ki, heç nə əvəzsiz deyil. Verdikləri qərarlar onlara “yedizdiriləcək”.

– Qışa qədər ayrılıq gözlənilir?
– Xeyr.

– Son günlər Rza Cəfərovun “Kəpəz”ə üz tutacağı deyilir. Nə dərəcə realdır?
– Bugünkü gündə heç nə yoxdur. Bizimlə danışıqları olmayıb, mənlə dəqiq olmayıb.


Paylaş: