AFFA-nın strateji yoxluğu və "Qarabağ"ın institusional üstünlüyü
Bakı COP29 kimi möhtəşəm bir beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edir. Xuan Laporta, Canni İnfantino, Fatih Terim və daha bir çox tanınmış futbol simaları ölkəmizə gələrək Azərbaycanın qlobal təşəbbüslərinə dəstək nümayiş etdirir. Təəssüf ki, AFFA bu böyük tədbirlə əlaqəli heç bir fəaliyyət göstərmir.
“Qarabağ” isə meydandan kənarda da ölkəmizi layiqincə təmsil edir. Ağdam klubu dünya səviyyəli klubların nümayəndələrini bir araya gətirir, yeni əlaqələr qurur, ölkənin adını zirvələrə qaldırır. Digər tərəfdən, AFFA-nın rəhbərliyi fəaliyyətsizliyi ilə göz qamaşdırır.
Maraqlıdır, “Qarabağ” dünya səviyyəli klubları Bakıya dəvət edib müzakirələr təşkil edə bilirsə, AFFA bunu niyə edə bilmir? Sanki qurumun strategiyası yalnız formal işlər görmək və fəaliyyətlə bağlı yaranan sualları cavabsız qoymaqdan ibarətdir.
“Qarabağ” “Liverpul”, “Tottenhem”, “Atletiko” kimi klubları bir masa ətrafında birləşdirə bilir, AFFA rəhbəri Rövşən Nəcəf isə yalnız Ronaldinyo ilə şəkil çəkdirib arxivini genişləndirir. Belə görünür ki, dövlət tədbirlərinə dəstək vermək AFFA üçün prioritet deyilmiş.
AFFA öz fəaliyyətinə sanki fərqli bir bucaqdan yanaşır. Əsas milli komandamız Millətlər Liqasının ən aşağı divizionuna düşmək üzrədir, ümumi idarəçilik zəifdir, amma rəhbərlik bu vəziyyətdən narahat görünmür. Bu, nəinki AFFA-nın nüfuzuna, həm də Azərbaycanın futbol imicinə ciddi zərbə vurur.
Hər bir qurum fəallıq göstərərək Azərbaycanın dövlət tədbirinə öz töhfəsini verir. AFFA isə ölkə futbolunu həm meydanda, həm də meydandan kənarda aşağı səviyyəyə salmaqda davam edir. Rəhbərliyin bu cür fəaliyyətsizliyinin səbəbi isə hələ də anlaşılmaz olaraq qalır.
Futbol bu ölkədə ən geniş maraq dairəsi olan idman növlərindən biridir. Amma AFFA-nın hazırkı durumu göstərir ki, bu qurum nə yerli səviyyədə, nə də beynəlxalq arenada ölkəni təmsil etmək bacarığındadır.
Mirələm Həsənli