Axundovun dovşan nəzəriyyəsi və zurna simfoniyası

  • 23 Noyabr 2024, 17:08

Zaur Axundov yenə gündəmdədir. Onun “Kəpəz” – “Araz-Naxçıvan” oyunundan sonra verdiyi müsahibədə söylədikləri sualdan çox sual doğurur.

Ondan başlayaq ki, kluba heç bir rəsmi bağlılığı olmayan Axundov paltardəyişmə otağına daxil olaraq futbolçulara irad bildirdiyini söyləyib. Federasiya prezidenti olsa belə, klubun rəsmi əməkdaşı olmayan bir şəxs necə olur ki, paltardəyişmə otağında futbolçulara iradlar yağdırır? Bu, hansı qaydalara uyğundur? Axundovun qaydaları?!

İstənilən halda, federasiya rəhbəri olmaq komandanın paltardəyişmə otağında "böyüklük" etməyə əsas vermir. Amma görünür, futbolumuz belə qeyri-adi sərgüzəştlərə öyrəşməlidir.

Müsahibədən başqa bir məqam: Axundovun mövqeyinə görə, problem nə taktika, nə də sistemdir. Hər şey futbolçunun “can qoyub-qoymaması” ilə bağlıdır. Gərək "dovşan" yox, "kişi" olasan. Maraqlıdır, belə ifadələr futbolçuları ruhlandırmaq üçündür, yoxsa daha çox öz auditoriyasına performans göstərmək üçün?

Futbolçuları "dovşan" obrazında təsvir edən bu şəxsin dilindən belə ifadələri eşidəndə özünü kənara çəkib düşünürsən: Bu aqressiya hardan qaynaqlanır?

Bir vaxtlar AFFA rəhbərliyində oturmuş insan niyə bu qədər açıq danışmağa başlayıb? Axı əvvəllər belə bəyanatları yox idi...

Axundovun AFFA-nın köhnə rəhbərliyinə replikaları da diqqətdən qaçmır. "Canni De Byazini istəmədilər qovdular. Amma onun vaxtında milli İsveçi məğlub edirdi" deyə, keçmiş rəhbərliyə ironik mesaj göndərir.

O, bugünkü nəticələrə görə köhnə AFFA rəhbərliyini günahlandıranlara da cavab verir: "Kimi istəyirlər günahlandırsınlar. İfadəmə görə üzr istəyirəm. Gedəndən sonda lap zurna çalsınlar".

Bəlkə də, Axundovun içindəki futbol sevgisi ilə prezidentlik ehtirası arasında qəribə bir toqquşma baş verib. Bir gün klub rəsmilərini əvəz edir, ertəsi gün zurna çaldırır. Axundovun bu gün futbolumuzda etdiyi "sərbəst gedişlər" hamını heyrətləndirir...

Bir şey dəqiqdir: Axundov sıradan bir obraz deyil. Onun dovşan nəzəriyyəsi və zurna bənzətmələri futbol tariximizdə qalacaq. Amma bu, futbolumuz üçün fayda verəcəkmi? Bax, ən böyük sual budur...

Mirələm Həsənli 


Paylaş: