"Neftçi"nin kollajı: Reformasiya zərurəti

  • 2 Dekabr 2024, 13:43

"Neftçi"nin “Qarabağ”la qarşılaşmadakı oyun strategiyası təsadüfi dəyişikliklər nəticəsində yaranmış bir orqanizm kimi funksional deyil, lakin analitik baxımdan maraqlı bir araşdırma mövzusu ola bilər.

Matçın əvvəlində hər şey nisbətən sakit görünürdü. Hətta bir neçə hücum cəhdi ilə "Neftçi" sanki müvəqqəti olaraq sistematikliyə iddialı idi. Amma sonradan Qurban Qurbanovun komandası meydanın hər qarışında dominantlıq nümayiş etdirdi. Bu andan etibarən “Neftçi” dənizdə itmiş, istiqamətini tapmağa çalışan gəmi kimi görünürdü.

Ramil Şeydayevin hücumları riyaziyyat dərsindəki natamam tənliklərə bənzəyirdi – Çox çalışdı, amma heç bir nəticə əldə olunmadı. Oyun ərzində aydın oldu ki, “Neftçi”nin heyəti estetik baxımdan qeyri-bərabər, funksional baxımdan isə yararsız bir kollajdır. Klubun transfer siyasəti deyəsən, yalnız rəngarənglik yaratmaq üçün aparılıb – İstedad və uyğunluq ikinci dərəcəli faktorlardır.

“Neftçi”dəki daxili idarəçiliyə gəldikdə: Burada vəziyyət daha da tragikomikdir. İdarəetmə qarışıqlığı sindromu klubun strukturlarına o qədər dərindən hopub ki, hər bir rəhbər fərli istiqamətlərə hərəkət edir, nəticədə heç kim hədəfə çata bilmir. İdarəetmədə təkhakimiyyətlilik olmadığı müddətdə meydandakı xaos dəyişməz qalacaq.

Qış fasiləsi klub üçün yalnız mövsüm dəyişikliyi deyil, eyni zamanda daxili reformasiyalar və ciddi "terapiya" tələb edən bir vaxtdır. Əks halda, “Neftçi”nin gələcəyi yalnız xaosun təkrarı olacaq və bu, sonda həm azarkeşlərin, həm də klubun tarixində unutulmaz bir ləkə kimi qalacaq.

Mirələm Həsənli 


Paylaş: