
Premyer Liqada pley-off paradoksu: Reqlament manipulyasiyası
Azərbaycan futbolunun struktur problemi təkcə meydandakı oyun keyfiyyəti ilə məhdudlaşmır. Bu, daha dərindən, idarəetmə mexanizmlərinin qeyri-müəyyənliyində və qərarların sistematik qeyri-sabitlik fonunda formalaşması ilə öz əksini tapır. AFFA-nın Premyer Liqaya neçə komandanın yüksələcəyini və sonuncu yerin hansı aqibətlə üzləşəcəyini müəyyənləşdirə bilməməsi sadə bir texniki gecikmə deyil, idarəçilikdəki boşluqların açıq təzahürüdür.
Bu qeyri-müəyyənlik futbolda “reqlament manipulyasiyası” adlı fenomenin təzahür formalarından biridir. Əgər bir idman federasiyası fundamental suallar ətrafında mübahisə edirsə və qərar vermək üçün uzunmüddətli müzakirələr aparılırsa, bu artıq sırf idman məsələsi deyil. Burada dərin institusional dilemmanın izlərini görmək mümkündür.
İcraiyyə Komitəsi formal olaraq AFFA-nın ali qərarverici orqanıdır, lakin son hadisələr göstərir ki, orada ciddi fikir ayrılıqları, parçalanmalar var. Burada əsas sual yaranır: AFFA hansı "təsdiq" üçün gözləmə mövqeyindədir?
Premyer Liqada sonuncu yeri tutan komandanın birbaşa aşağı liqaya düşməsi və ya pley-off oynaması ilə bağlı qərarsızlığı ilk baxışdan texniki məsələ kimi görünə bilər. Lakin bu, əslində sistemin ədalətli rəqabət və manipulyasiya arasında gedən mübarizənin göstəricisidir. Məntiqi arqument belədir: Birinci Liqanın 3-cü yeri ilə Premyer Liqanın sonuncusunun qarşılaşması nəticəsində aşağı liqadan gələn komandanın qalib gəlməsi ehtimalı sıfıra yaxındır. Bu, struktur fərqlərdən qaynaqlanır: Premyer Liqa komandaları daha yüksək maliyyələşmə, təcrübə və oyun dinamikasına malikdirlər. Beləliklə, pley-off formatı sadəcə olaraq status-kvonun qorunmasına xidmət edən mexanizmdir.
Qərarsızlıq və müzakirələrin süni şəkildə uzadılması idarəetmə təcrübəsində “simulyativ demokratizm” adlanan anlayışa gətirib çıxarır. Yəni formal olaraq açıq müzakirələr aparılır, fərqli fikirlər səslənir, lakin nəticədə heç bir dəyişiklik baş vermir. Bunun nəticəsində qərar yalnız sistemin dominant aktorları üçün optimal olan model üzrə verilir. Əgər AFFA sonuncu komandanın birbaşa aşağı düşməsini istəmirsə, bunu açıq elan etməlidir. Məsələnin əsl mahiyyəti də buradadır: Əgər status-kvo qorunacaqsa, nə üçün qərarın verilməsi süni şəkildə uzadılır?
Burada məşhur bir analojiya ortaya çıxır: 3 nəfərlik intellektual yarış keçirirlər və hamıya ölkələrin paytaxtlarını soruşurlar. İlk iki iştirakçının qarşısına tanınmış ölkələr çıxır, sonuncuya isə Mozambikin paytaxtını tapmaq tapşırılır. O isə dərhal deyir ki, “Daha deyin, mükafatı vermirəm də.” AFFA-nın hazırkı vəziyyəti bu misalla eynidir — əgər liqadan heç kimi çıxarmaq niyyətiniz yoxdursa, sadəcə olaraq açıq şəkildə bildirin. Bütün bu simulyativ müzakirələr nəyə lazımdır?
AFFA-nın bu mövzuda qərarsız qalması Azərbaycan futbolunda dərinləşən struktur problemlərin simptomudur. Problem təkcə birbaşa idman aspektlərindən qaynaqlanmır, burada idarəetmə sisteminin qeyri-müəyyənliyi və səmərəsizliyi də böyük rol oynayır. Əgər qərarların qəbul edilməsi baryerlərə çırpılırsa, bu o deməkdir ki, artıq idman sahəsində qərarvermə mexanizmləri tamamilə "reqlamentdənkənar" təsirlər altındadır.
Bu gedişlə AFFA-nın iclasları bir gün futbol matçlarından daha maraqlı olacaq, çünki meydanda nəticələr bəlli olur, amma AFFA-da nəticələr həmişə qeyri-müəyyən qalır.
Mirələm Həsənli