Təşəkkürlər, “Qarabağ”!
Əhsən, “Qarabağ”!
Amma...
Ardıcıl 9 ildir avrokubokların qrup mərhələsinə vəsiqə qazanmaqla kiçik futbol ölkəsi Azərbaycan adına əlçatmaz uğurlara imza atan “Qarabağ” tərifi xirtdəyə qədər haqq edir. Başda Qurban Qurbanov olmaqla, kluba aidiyyəti olanların ünvanlarına nə qədər xoş söz desən, yenə azdır. Adətən, nailiyyətlərə sahiblənən çox, uğursuzluq isə yetim olur. Bəlkə qəribə görünər, amma əminəm, Ağdam təmsilçisinin əldə etdiyi uğurlarda mətbuatın da payı var. Cüzi də olsa, var.
Niyə belə əminəm? Tərifə layiq olduqları kimi, klub rəhbərliyi, məşqçilər korpusu həm də peşəkarlığa sığınaraq sağlam tənqidləri qulaqardına vurmur, jurnalistlərin təklif və iradlarını dinləyir-izləyir, təqdir edirlər. Sözsüz, çatışmazlıqlar hər zaman var, iş olan yerdə problem-səhv də qaçılmazdır. Ortada sağlam tənqid varsa, inkişaf da özünü daha tez və çox büruzə verər. Sağlam düşüncə, düzgün idarə sistemi tənqidi normal qəbul etməyi bacarmalıdır. Bunun özü elə uğurun bir parçasıdır. İllərdir milyonları havaya sovurmaqla məşğul olan AFFA ilə bu gün işim yoxdur, sadəcə, elementar nümunə kimi qeyd edirəm, 20 ildi tənqiddən 1 qram pay götürmədikləri üçün sürünə-sürünə qalmaqları bir yana, durmadan geri addımlayaraq ölkə futbolunu düz çuxurun dibinə yuvarlayıblar. Niyə? Çünki peşəkarlıqları sıfırdır, heç bir sağlam tənqidi veclərinə almırlar, haqlı iradları həzm etmirlər.
“Qarabağ” isə artıq Avropa klublarına elə Avropanın özündə, dünyanın futbol mərkəzində meydan oxuyur. FİFA, UEFA və s. ciddi beynəlxalq təşkilatların prezidentlərinin gözləri qarşısında. Komandanın ha ayağından çəkməyə çalışırlar, büdrətsələr də, alınmır. Dəfələrlə inanılmaz haqsızlıqlara məruz qoyurlar, yenə alınmır. Klub komanda olaraq “sınmır”, ruhdan düşmür, haqqın üstünə-üstünə gedir, ədaləti axtarmaqda davam edir. Və...Bütün bunların üstünə bir də ciddi nizam-intizam, birlik, peşəkarlıq və vətənpərvərliyi əlavə edəndə davamlı nailiyyət mütləqdir, qaçılmazdır!
8 komandalı kiçik Azərbaycan çempionatını illərdi tək ayaqla keçən, rəqiblərini 1-2 yox, 3 baş üstələyən “köhlən atlar” cari mövsüm qitənin bir nömrəli klub yarışında - Çempionlar Liqasının geridə qalan 2 təsnifat mərhələsində Polşa və İsveçrə çempionlarının qapısından ümumilikdə 10 top keçirib! 10 qol! Avropanın ortababdan yuxarı futbol ölkələrinin çempionlarının qapısına 4 oyuna 10 qol vurmaq... Çox böyük addımların xəbərçisidir! Lakin…Hər ötən gün çatışmazlıqlar özünü daha çox büruzə verməyə başlayır. Elə bu 4 oyunda buraxılan 6 top çox məqamı gün üzünə çıxarır.
“Qarabağ”ın müdafiə xətti xeyli zəifdir, axsayır. Təcili düzəliş labüddür. Qurbanovun komandası kollektiv-kompakt və daha çox hücum futboluna üstünlük verdiyi üçün yarımmüdafiə və ön xətdəki problemlər gözəçarpacaq deyil, İbrahima Vaci və Ramil Şeydayev gözləntilərdən aşağı çıxış etsə belə. Əvəzində müdafiədəki boşluqlar hər oyun başımıza iş açır. Nəzərə alırıq, əvvəlki illərdəki bəzi uğursuz keçidlərdən nəticə çıxaran “Qarabağ” artıq bir neçə mövsümdür transfer xətrinə transfer etməməyə çalışır. Üstəlik, hər futbolçunun Azərbaycana gəlməyə razı olmadığı da aydındır. Ancaq böyümək, daha böyük uğurlar qazanmaq istəyən klubun mütləq müxtəlif variantları, alternativləri olmalıdır. Göz önündəki səbəblər keçərli olsa da, yetərli deyil.
1.Qapı xətti Şahruddin Məhəmmədəliyevlə güvənli görünsə də, millimizin üzvü istənilən oyunu alt-üst edəcək “potensialdadır”. Xüsusilə xırda və geri paslaşmalara üstünlük verən komanda “Şah”la oynamaqdan maksimum çəkinməlidir. Hətta Qurban Qurbanov və məşçqilər korpusu qapıçının irəli düzgün-dəqiq ötürmə verməsi üzərində çox çalışmalıdır. Vacibi qeyd isə qolkiperlə müdafiəçilərin rabitəsinin düzgün qurulmasıdır. Artıq neçə oyundur şahidiyik ki, Şahruddin müdafiədəki yoldaşları ilə anlaşa bilmir. Məhz bu səbəbdən son 4 oyunda minimum 2 qol buraxmışıq.
2.Müdafiədə, demək olar, Kevin Medina ilə Maksim Medvedevin ümidinə qalmışdıq, artıq bir müddətlik onlar da yoxdu (Maksimin daha tez sağalacağı istisna deyil, Medina azı 1 ay olmayacaq). Nə yaxşı ki, Bədavi Hüseynovla Bəhlul Mustafazadə sıraya qayıdıb (buna tam sevinmək də olmur-red). Çünki onların nəyə qadir olduğunu hamımız çox yaxşı bilirik. 2 ildir düz-əməlli futbol oynamayan Bədavinin “Sürix”lə cavab görüşündə məcburi meydana çıxıb komandaya maksimum kömək etməsi müdafiədəki problemlərin həll olduğu anlamına gəlməməlidir. Maksim Medvedev artıq əvvəlki deyil, çatdırmır, yorulub, hə, çempionat oyunlarında köməyi dəyər, di gəl, avrokuboklarda ziyanı xeyirindən qat-qat çoxdur. Toral ötənilki Toral deyil, papağını qabağına qoyub düşünməlidir ki, nə istəyir. Abbas da çox az-az meydana çıxır. Özünü yaxşı tərəfdən göstərsə də, baş məşqçi ona sanki tam güvənmir. Beləliklə, avrokuboklarda daha çox məsafə qət etməyin minimum resepti: müdafiənin mərkəzi mütləq şəkildə gücləndirilməlidir.
3.Kadi-Ozobiç-Almeyda-Zubir-Veşoviç-Yankoviç-Qara-Elvin-Andrade “doqquzluğu” yaxşı tamamlayır deyə bilərik. Cəfərquliyevin etimadı tam doğrultmadığını, Leandronunsa heyətə az düşdüyünü vurğulamağa ehtiyac yoxdur. Ümumən, yarımmüdafiə xəttində ciddi problem müşahidə eləmirik. Yeganə çatışmazlıq topla daha çox oyanamağı sevən Zubirin əvvəlki effektivliyindən uzaq düşməsidir.
4.Nəhayət, “dişsizlikdən” əziyyət çəkdiyimiz hücum xətti - doğrudur, “Qarabağ” tamamilə kollektiv futbol oynayır, qolların böyük hissəsini məhz hücumameylli yarımmüdafiəçilərin vurmasını yada salaq. Lakin Ramil Şaydayevin qol vurmağı unutması məşqçilər korpusunu xüsusi narahat etməlidir. Şeydayev artıq perspektiv vəd edən gənc forvard da sayılmır. Çox çalışır, qaçır, var gücünü ortaya qoyur, hətta 120 dəqiqə bacardığını edir, əmbə faydalı iş əmsalı hücumçuya xarakterik deyil. Resept-2: Böyük yarışda ciddi uğur qazanmaq üçün “Qarabağ” daha səviyyəli hücumçu almalıdır. Bu fikirlər eynilə Vaci üçün keçərlidir. Bir oyun yaxşı çıxış edir, digərində heç nə ilə yadda qalmır. Lap relsə düşüb ardıcıl qollar vursa belə, bir güllə bahar olmaz. Premyer Liqamızda onlara da rahat güvənmək olar. Qurbanov avrokuboklarda oğlu Musaya da, ümumiyyətlə şans tanımır. Belədisə, versin daimi oynaya biləcəyi kluba. Yaşı da gedir artıq, bəs potensialını nə vaxt görəcəyik? Xülasə, düşünürəm ki, sadaladığım irili-xırdalı problemlər həll olunsa, “Qarabağ” Avropa meydanlarında hələ çox at oynadacaq!
Elvin ƏHƏD