Futbolumuzda qısa müddətli düşüncə tələsi - MÜSAHİBƏ

  • 25 Noyabr 2024, 11:05

"Sabah"ın həm əvəzedici, həm də U-19 komandasının baş məşqçisi olan Adino Mustedanaqiçin Sportlife.az-a müsahibəsini sizə təqdim edirik:

- Artıq beş ildən çoxdur ki, Azərbaycanda çalışırsınız. Bizdə hamı əsas millimiz pis nəticə alanda aşağı yaş qruplarına daha çox diqqət yetirməli olduğumuzu deyir. Siz bəs kənardan baxan biri kimi necə düşünürsünüz, Azərbaycanda uşaq futbolunda vəziyyət nə yerdədir?

Düşünürəm ki, bütün yaş qruplarının və komandaların xaricə gedəndə göstərdiyi nəticələr hər şeyi deyir. Nəticələr vəziyyətin nə yerdə olduğuna obyektiv cavab verir. Qısacası, Azərbaycan dünyadan çox geridədir.

- Bəs siz ən böyük problemi nədə görürsünüz? İlk nədən başlamaq, nəyi düzəltmək lazımdır? 

- Məncə, problemin reallığı ilə üzləşmək, Azərbaycanın harada olduğunu qəbul etməklə başlamaq lazımdır. Dərin təhlillər apararaq və bunun əsasında Azərbaycan futbolunun çiçəklənməsi üçün adekvat, uzunmüddətli plan qurulmalıdır. Bu təhlil və planın həyata keçirilməsi Azərbaycan futbolunun reallığını dərk edən insanların iştirakı ilə həyata keçirilməlidir. Hər bir ölkə, o cümlədən Azərbaycan özlüyündə spesifik mədəniyyətə malikdir və özünəməxsus plan tələb edir. Bu uzunmüddətli planda məncə, ən böyük problem olan qısa müddətdə nəticə qazanmaq düşüncə tərzindən qaçınılmalıdır. Unikal uzunmüddətli baxışın olmaması səbəbindən hər şey yalnız indiki zamanda qiymətləndirilir ki, bu da hazırkı vəziyyətin yaranması ilə nəticələnir. Bu, bəlkə də birinci komanda səviyyəsində yaxşıdır, amma uşaq futbolunda dağıdıcı təsirə malikdir. Qısa müddətli planda məşqçilər qısa müddət ərzində yaxşı nəticə qazanmağa çalışır, bununla da “pis nəticə və inkişaf yoxdur” tələsinə düşürlər. Bu, Azərbaycan futbolunun acı reallığıdır. Bəzi uzunmüddətli baxış inkişaf üçün bir növ bələdçi funksiyası daşıyaraq, uğursuz nəticələri "anlaşılan" etməklə yanaşı, gələcək inkişafı görünən edə bilər. Həmçinin, bu uzunmüddətli vizyon/layihə hərtərəfli olmalıdır. Azərbaycanda müxtəlif şöbələr arasında əlaqənin istənilən səviyyədə olmaması böyük problemdir. Bu xaos yaradır ki, bu xaosda da oyunçuları inkişaf etdirmək çətindir. Gənc oyunçuların inkişafı sabitlik tələb edir. Uzun cavab üçün üzr istəyirəm, amma mahiyyət etibarı ilə hamımızın uyğunlaşmamız üçün ölkə futbolunda daha yaxşı futbol konteksti təmin edilməlidir. Bu, Azərbaycanı anlayan  insanların/ekspertlərin həll edə biləcəyi mürəkkəb problemdir. Problem konkret bir sahə - məsələn, infrastruktur deyil. Əlbəttə ki, infrastruktur baxımından da problemlər var, lakin bunun həlli özlüyündə hər şeyi həll etmir. Bu belə olsaydı, “Qəbələ” hər il çempion olardı.

- Siz bu baxımdan şanslı yerdəsiniz. “Sabah”da işləyirsiniz. Burda sizə yaradılan şəraitdən razısınızmı?

- Bəli, razıyam. "Sabah"ın klub kimi gənc futbolçuların yetişdirilməsi ilə bağlı göstərdiyi böyük qayğıya görə burada qaldım. Düşünürəm ki, biz gənc bir klub olaraq mövcud vəziyyətdə həqiqətən maksimum nəticə əldə etdik. Mən valideynlərin akademiya olaraq bizə göstərdiyi etimaddan da məmnunam.

- Uşaq futbolunda ən vacib nədir? Yaxşı nəticələr qazanmaq yoxsa oyunçu yetişdirmək? Sizin üçün ən önəmlisi hansıdır?

- Uşaq futbolunun məqsədi oyunçunu inkişaf etdirməkdir. Onları oyunlar vasitəsilə inkişaf etdirirsiniz. Hər oyunun hədəfi qalib gəlmək, daha dəqiq desək, rəqibdən bir qol çox vurmaqdır. Oyun zamanı məndən soruşsanız - qalib gəlməyin daha vacib olduğunu deyəcəm, amma oyunlar arasında olan müddətdə soruşsanız - oyunçu inkişafını vurğulayaram. Bir sözlə, oyun (qazanmağa çalışmaq) oyunçuları inkişaf etdirmək üçün bir vasitədir, başqa yol deyil.

- Valideynlər uşaqların karyerasına necə yardımçı ola bilər? Təkcə onu akademiyaya gətirib, evə aparmaqla iş bitirmi...

- Valideynlərlə yalnız bir neçə mənfi təcrübəm olub. Bu, adətən ən istedadlılarla bağlı yaşanır. Mən onları başa düşürəm, çünki adətən istedadlı oyunçuların əksəriyyəti onlardan yararlanmaq istəyən insanların hədəfinə çevrilir. Karyeramda bir çox oyunçunun məhz buna görə məhv olduğunu görmüşəm. Valideynlərə məsləhətim - güvənəcəyiniz məşqçi tapın və ona sona kimi qulaq asın. Güvənəcəyiniz məşqçi tapa bilmirsinizsə, deməli, problem sizdədir. Mən həmişə 4 il oyunçum olan Borna Sosanı misal çəkirəm. Atası mənə 4 dəfə zəng edib məsləhət istədi, hər şeyi dinlədi. Bəxtim gətirdi ki, əksər oyunçularımın valideynləri məni dinləyirlər, inam mənim üçün çox önəmlidir.

- Bugünkü komandanızdan 1-2 il sonra “Sabah”ın əsas heyətində olmasa belə, oyuna sonradan daxil ola biləcək potensialda neçə oyunçu görürsünüz?

- Onlardan 4-5-ni görürəm. Azərbaycan futbolunun reallığına görə buradakı oyunçular daha sonra əsas komandaya keçirlər. Bu həm də Azərbaycan oyunçularının biologiyası/antropologiyası ilə bağlıdır. Öz müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycandan olan oyunçular avropalı uşaqlardan təxminən 1 il geri qalırlar.

- Əsas komandanın baş məşqçisi Krunoslav Renduliçlə daim əlaqədəsinizmi? Onu müəyyən oyunçuları məsləhət görürsünüzmü?

- Bəli, mən Krunoslavla bütün aspektlərlə bağlı danışıram və biz öz fikirlərimizi sinxronlaşdırırıq. Qərara gəldik ki, birinci komandanın məşqinə yalnız 2-ci komandadan yaxşı oyunçular gətirək. Bu o deməkdir ki, 5 oyundan 1-də göstərdiyiniz potensiala sahib olmaq kifayət deyil. Bu potensialı bütün oyunlarda, həmçinin 2-ci komandanın məşqlərində də ortaya qoymalısınız.

Elnur İsmayılov

 


Paylaş: