“Los-Anceles Leykers” – “Denver” matçını izləyəndən sonra müharibəyə çağırıldım" - MÜSAHİBƏ

“Los-Anceles Leykers” – “Denver” matçını izləyəndən sonra müharibəyə çağırıldım" - MÜSAHİBƏ

  • 21 Fevral 2023, 18:00

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Əliyev Sportlife.az-a müsahibə verib. 

Bu gün 30 yaşını qeyd edən həmkarımız basketbola gəlişindən, Vətən müharibəsindəki iştirakından, Azərbaycanda basketbolun inkişafı üçün görülən addımlardan saytımıza danışıb.

Müsahibəni təqdim edirik:

 

- Əvvəlcə başlayaq basketbola gəlişindən. Bildiyim qədərilə özün də əvvəllər basketbol oynamısan. Hansı səviyyədə və hansı müddətə qədər basketbolla məşğul olmusan?

- Sumqayıtda həvəskar şəkildə basketbolla məşğul olmuşuq. Bizim dövrdə o qədər də məşhur oyun deyildi, okeanın o tayında - Amerikada tanınmış idi. Məktəb səviyyəsində, həvəskar şəkildə oynamışıq. Mənim özümüm müəllimim olmayıb, özümüzdən böyük yaş qruplarına baxıb, öyrənmişik. O dönəm Sumqayıtda müəllim çatışmazlığı vardı. Daha sonra video-kadrları izləyərək, hansısa oyunçulara baxaraq öyrənmişik. Heç vaxt peşəkar səviyyədə olmayıb.

- Basketbol karyeranın davam etməsinə hansı səbəblər mane oldu?

- Qeyd etdiyim kimi basketbol karyeram peşəkar səviyyədə deyildi. Həm də Sumqayıtda idim, Bakıda daha çox inkişaf var. Müəllimlər peşəkar səviyyədə uşaqlara nə isə öyrətməyə çalışıb. Lakin Sumqayıtda bu yox idi, uşaqlar Sumqayıtdan o qədər də yüksək yerlərə çıxa bilməyiblər. O dönəm diqqət və maraq da indiki kimi deyildi. Bu səbəbdən universitet yolunu seçdik.

- Vətən müharibəsi iştirakçısı kimi prezident tərəfindən 3 rayonun işğaldan azad edilməsi medalı ilə təltif olunmusan.  Müharibə dövrünü necə xatırlayırsan? Zəhmət olmasa, bu barədə xatirələrini bölüşərdin...

- Bəli, müharibə veteranı kimi cənab Prezident tərəfindən 3 medalla mükafatlandırılmışam. Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərə görə medallar təqdim olunub və müharibə iştirakçısı ordeni ilə təltif olunmuşam. Müharibə dövründə çox çətinliklər olub, lazım gəldikcə ac-susuz olmuşuq. Lakin döyüş yoldaşlarımızla birgə torpaqlarımızın işğaldan azad olunması uğrunda əlimizdən gələn köməyi göstərmişik. Hamı necə edibsə, biz də eyni qaydada. Qeyd edim ki, müharibəyə birbaşa yox, sentyabr ayında təlimlərə cəlb olunaraq yollanmışam. Həmin dönəmdə pandemiyaya görə NBA oyunları gec başlamışdı. Belə maraqlı fakt var ki, “Los-Anceles Leykers” – “Denver” komandaları arasında oyunu izləyəndən sonra müharibəyə çağırıldım. Səhər saatlarında oyuna baxandan sonra yatmağa hazırlaşırdım ki, hərbi komissarlıqdan nümayəndə gəldi və bu əraziyə getməyimin xahiş olunduğunu bildirdi. Ondan sonra ayın 20-də birbaşa Mədəniyyət Evinə, sonra isə Qusara yola düşdüm. Qusarda yerləşən n saylı hərbi hissədə bir həftə təlim keçdikdən sonra sentyabrın 27-də müharibəyə yollandıq. Dekabr ayının 28-i sağ-salamat müharibədən evə qayıtmışam. Bir daha Allah şəhidlərə rəhmət eləsin, qazilərə, səhhətində problem olan şəxslərə şəfa diləyirəm. Müharibə çox çətin və şərəfli yol olub. Şükür olsun ki, bu yoldan üzüağ çıxa bilmişik.

- Müharibədən qayıtdıqdan sonra karyeranı yenidən bərpa etmək barədə düşünmürdün?

- Xeyr, qətiyyən. Nəinki mən, hətta məndən daha yaxşı basketbolçularda da bir az boşluq olduqdan sonra oynamaqda çətinlik çəkirlər. Məndə də dizimdən aldığım zədələrə görə, ümumiyyətlə bu haqda düşünməmişəm. Sağ dizimdə bağlarda qopmalar qeydə alındı. Basketbola başqa işlərlə dəstək olmağa çalışmışam.

- İdmançı kimi karyeran alınmasa da, basketbolun içjndəsən. Federasiyanın mətbuat katibi olmaq dəvətini kimdən almısan?

- İdmançı karyerası qurmaq çətindir. Bu işlə məşğul olursansa, peşəkar olmalısan. Bu, məndə alınmasa da, qeyd etdiyiniz kimi basketbolun içindəyəm. Əvvəlki dövrlərdə müraciət etmişdim, lakin tanınmadığım üçün alınmadı. 2020-ci ilin mart ayında “İdman TV”də yayımlanan basketbol verilişinə dəvət olundum. Verilişin redaktoru Tahir Mirzə dəvət etdi, şans verdi. Mövzu 90-cı illərin basketbolu, pandemiya səbəbindən yarımçıq qalmış mövsüm idi. Çıxışım əla alındı, rəhbərlik tərəfindən göründü. Həmin kanalda Fərid Ramazanov dəstək göstərdi, proqramlara çıxdıq. Verilişlərə mütəmadi olaraq dəvət aldım. Bir proqram əvvəl verilişə çəkildim, lakin həmin dövrdə müharibəyə getdim. Qayıdandan sonra “İctimai TV”də yaxından tanıdığınız Kənan Hakimov Tural Dadaşovla birgə məni NBA oyunlarının şərhinə dəvət etdilər. Namizədlərə ehtiyac qalmadı, dərhal qəbul olundum. 2020-2021 mövsümündə NB matçlarını şərh etdim, tamaşaçılar, rəhbərlik tərəfindən bəyənildi. Sonra isə bir sima kimi basketbolda tanınmağa başladım. Federasiyaya əvvəllər müraciət etsəm də, tanınmadığım və əvvəllər yaşanan maliyyə problemlərinə görə alınmamışdı. “İdman TV”də Tokyo Olimpiya Oyunlarını şərh etdim. Mütəmadi olaraq, verilişlərdə, radio proqramlarında iştirak etdim və yavaş-yavaş özümü tanıtmağa başladım. 2021-ci ilin noyabr aylarında Emin Əmrullayevin Azərbaycan Basketbol Federasiyasının prezidenti təyin olunması ilə bağlı xəbərlər yayıldı. O dönəm yenə federasiyaya müraciət etdim. Xüsusilə, “Zirvə Astara”nın baş məşqçisi Şəhriyar Əsgərov, gənclərdən ibarət milli komandamızın baş məşqçisi Tahir Baxşıyev və Anar Sarıyevin adını qeyd etmək istərdim. Mənim barəmdə müsbət fikirlər səsləndiriblər. O dönəmlərdə millimizin oyunlarına gedib, izləyirdim. Bəzi oyunçularımız məni tanısa da, işçi deyildim, sadəcə oyunlara baxırdım. T.Baxşıyev federasiyanın icraçı direktoru Fərrux Mahmudov ilə məni tanış etdi, fəaliyyətlərimdən söz açdı. İlk olaraq nə iş olursa olsun, Azərbaycan basketbolunun içində olmaq istədiyimi demişdim. Daha sonra isə mətbuat xidmətinə təyin olundum. Mənə etimad edib, güvəndilər. O inamı doğrultmağa çalışıram. Həmçinin federasiyanın yutub kanalında da oyunları şərh edirəm. Karyeramda Tahir Baxşıyev, Şəhriyar Əsgərov, Anar Sarıyevin böyük rolu olub, onlara təşəkkür edirəm.

 

- Jurnalistlərlə işləmək necədir, çətinlik çəkmirsən?

- Xeyr, çətinlik çəkmirəm. Əksər işini-peşəsini sevən jurnalistlərlə işləmək daha asandır. Sizin – Mirələm Həsənli, Teymur Maqsudov, Kənan Hakimov, Mirbağırağanın adlarını qeyd etmək istəyərdim. Oyunlara gəlib, iştirak edib, müsahibələr alırlar. Düzgün jurnalistlərlə işləmək çətin deyil. Qüsursuz insan yoxdur, mənim də yazı və ya şərh zamanı səhvlərim ola bilər. Bunları aradan qaldırmağa, daha yaxşı işləməyə çalışırıq.

- Uzun müddətdən sonra Azərbaycan basketbolunda bir canlanma yaranıb. Bu prosesi daha da sürətləndirmək, inkişaf etdirmək üçün hansı işləri görürsünüz?

- Bəli, uzun müddətdən sonra 2022-2023 mövsümündə liqanın yaradılışından sonra canlanma müşahidə olundu. Çempionatın yaranması basketbolun inkişafı üçün əsas şərtlərdən biridir. Liqada legionerlərimiz var. Bu prosesi daha da sürətləndirmək üçün uşaq basketboluna diqqət göstərmək lazımdır. Keçən il seleksiya xarakterli bölgələrdə mütəxəssislər tərəfindən uşaqlar toplanıldı, müəyyən məktəblərdə onlar yerləşdirilib. Uşaqların daim basketbol oynaması, məşqlərdə iştirakı üçün şərait yaradılır. Uşaq basketbolunu, gələcək nəsili inkişaf etdirmək lazımdır. Məsələn, Zaur Paşayev, Amil Həmzəyev, Fuad Niftəliyevin oynadığı dövrlə indi Ender Poladxanın oynadığı dövr arasında boşluq yarandı. O dönəmdə uşaqlar yetişmədi ki, hazırda Zaur Paşayev 40, Fuad Niftəliyev 42 yaşında çıxış edir. Federasiya bu boşluqları aradan qaldırmaq üçün uşaq basketboluna maksimum diqqət ayırıb. Hər bir bölgə, rayonlarımızda uşaqlar basketbolla məşğul olurlar.

- Artıq klublar heyətlərində legioner basketbolçular oynadırlar. Səncə bu, ölkədə basketbolun inkişafına nə dərəcədə təkan ola bilər?

- Hər klubun heyətində legionerlər var. Bu, məncə, bir mənalı şəkildə təsirli olacaq. Televiziyada və ya birbaşa idman arenalarından ailələri ilə oyunu izləyən uşaq legioner görür, topu səbətə atması, uzaq məsafədən 3 xallıq atışları, driblinqləri, cəldlikləri uşaqlarda maraq yaradır və məşqlərə yazılırlar. Görüntü mütləq şəkildə olmalıdır ki, basketbolun incəliklərini öyrənsinlər. Legionerlər təsir edir, davamlı şəkildə çempionatımızda əcnəbi basketbolçular olacaq.

- Azərbaycan idman mətbuatında səndən başqa bir neçə müharibə iştirakçısı da var. Onlarla münasibətləriniz necədir, görüşüb yaxın keçmişdəki xatirələrinizi bölüşürsünüz?

- Bəli, bir neçə şəxs var. İşlərə görə tez-tez görüşə bilmirik. Minifutbol federasiyasının mətbuat katibi Mahal müəllimlə görüşmüşük. Müəyyən tədbirlərdə o insanları görürük, hər kəsin öz sahəsi olduğu üçün sıx əlaqədə ola bilmirik.

- Bu gün 30 illik yubileyini qeyd edirsən. Bu illər ərzində nail ola bildiyin və həyata keçirə bilmədiyin arzuların varmı?

- Deyərdim ki, ad günümü qeyd etməyi sevən insan deyiləm. Qeyd etməyi xoşlamıram, lakin 30 yaşım tamam olur. Vaxt sürətlə irəliləyir. Mənim üçün ən önəmlisi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakımdır. Müharibə iştirakçısı olaraq 4 medalla təltif olundum, bu, qürurvericidir. İkinci isə Azərbaycan basketbolunun içində olmağım, basketbolu şərh etməyimdir. Təvazökarlıqdan uzaq olsa da, ölkəmizdə basketbol şərhçisi demək olar ki, yoxdur. Həm basketbol oynamış, həm də bildiklərimi efirdə izləyicilərə çatdırmış yeganə basketbol şərhçisi olduğuma görə sevinirəm. Olimpiya, İslam Oyunları, basketbolun ən ali nöqtəsi sayılan NBA, Türkiyə Basketbol Liqası, Azərbaycan Basketbol Liqası oyunları şərh etmişəm. ABŞ-yə yollanmağımı da qeyd edərdim. Azərbaycanda yerləşən Amerika səfirliyi mənim ABŞ-yə getməyimə yardım etdi. Orda NBA matçını izlədim, basketbol mütəxəssisi olaraq NBA oyunlarını canlı izləmək çox sevindirici haldır. Buna görə, səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbər şəxslərindən biri Fərqani Əliyevə təşəkkür edirəm.

- Sosial şəbəkələrdəki paylaşımlarından belə görünür ki, dünya basketbolunu da yaxından izləyirsən. Səncə, nə vaxtsa Azərbaycan basketbolu həmin səviyyəyə çatmasa da, yaxınlaşa bilər?

- Sosial şəbəkələrdə daim həm Avropa, NBA, dünya və Avropa çempionatlarını yaxından izləyirən. Azərbaycanda basketbolun həmin səviyyəyə çatması hələ ki, inandırıcı deyil. Həmin ölkələrdə bizdə olan kimi boşluqlar olmayıb. 5-10 il ərzində yaxşı nəticə verə bilərik. Aşağı yaş qruplarından çıxan uşaqlara inanmalı, güvənməliyik. 3x3 basketbol ənənələrimiz var. İslamiadada qızlarımız 1, oğlanlarımız 2-ci yerə çıxdılar. Lakin 5x5 basketbol bir qədə vaxt tələb edən oyundur. Struktur dəyişməlidir, bu tərəfdən işlər gedir. Yəqin ki, 5-10 il ərzində indi diqqət göstərilən gənc basketbolçular peşəkara çevriləcək. Ümid edir, əlimizdən gələni göstəririk.

- Məsələn, futbolda "Qarabağ" son illərdə Azərbaycanı Avropada layiqincə təmsil etməyi bacarır. Basketbolda klub səviyyəsində belə bir uğura nail olmaq üçün hansı işləri görmək lazımdır?

- Bütün dünyada futbol birinci yerdədir, populyardır. Hamının başa düşdüyü sadə oyundur, lakin basketbolun qaydaları fərqlidir. Futbolda topu boş qapıdan keçirmək o qədər də çətin deyil, lakin basketbolda topu boş səbətdən keçirmək çətindir. “Qarabağ” futbolda layiqincə təmsil edir, basketbolda işlər fərqlidir. Büdcə lazımdır. Planlarımızda var ki, ABL-nin çempionu Avropa kuboklarının birincisi sayılan FIBA Avropa Kubokunun seçmə mərhələsində iştirak edəcək. Başlanğıc turnir odur, turnirdə ən son mərhələ Avroliqadır. Hələ ki, bizim orada iştirakımız çətin görünür. FIBA Avropa Kubokuna düşə bilərik. Ona görə də işlər aparılacaq, heyət gücləndirilməli, FIBA-ya büdcə təqdim olunmalıdır. Növbəti mövsümün əvvəlində oktyabr-sentyabr aylarında bu yöndə işlər aparılacaq. İşlər görmək üçün yerli basketbolçular yetişdirib, liqanın səviyyəsini artırıb, bura gələcək keyfiyyətli oyunçuları axtarıb, tapmaq lazımdır ki, orda iştirak edə biləsən.

- Federasiyası yerli basketbolçuların inkişafı üçün hansı işləri görür?

- Bu barədə ətraflı danışdım. Federasiya yerli basketbolçuların inkişafı üçün bölgələrdə, məsələn, Gəncə, Cəlilabad, şimalda Quba, cənubda Lənkəran, Astara, Sumqayıt, Bakı, Xırdalanda işlər görülür. Hündür, basketbolu sevən uşaqlar seçilir, seleksiya xarakterli məşqlər keçirilir. Bir məktəbdə toplanılırlar, gələcəkdə Azərbaycan basketboluna fayda verməsi üçün bu uşaqlar peşəkar mütəxəssislər tərəfindən hazırlaşdırılır. Məncə, bu işlər təqdirəlayiqdir. Mütəmadi olaraq davamı gələcək. Bu isə baksetbolumuza öz təsirini göstərəcək.

- Əsas və aşağı yaş qrupları üzrə Milli komandalar üçün təlim məşq toplanışları nəzərdə tutulurmu?

- Əsas və aşağı yaş qrupları üzrə milli komandalar üçün məşq toplanışı təşkil olunur. Bu yaxınlarda 26 yanvar - 3 fevral  tarixlərində qızlardan ibarət U-16 komandamız Türkiyədə təlim məşq toplanışı keçirdilər, yoldaşlıq oyunlarına çıxdılar. Ötən il mütəmadi olaraq, U-18, əsas komanda Türkiyədə məşq toplanışında olurdu. Lakin hazırda çempionat davam edir. Hazırlıq klubların daxilində gedir, amerikalı oyunçulara qarşı mübarizə aparmaq özü ayrı bir səviyyədir. Qızlar üçün çempionat olmadığı üçün qızlarımız toplanışlara gedir. Yayda cari mövsüm başa çatandan sonra həm gənclərdən ibarət komanda, həm də əsas yığma məşqlərdə iştirak edəcək. Təlim-məşq toplanışları daim diqqət mərkəzindədir. Ötən ildə olduğu kimi yenə də vaxtında keçiriləcək. İndi çempionat olduğu üçün heç bir klub oyunçusunu göndərməz. Liqadakı hazırlıq onların daxilində bir məşq toplanışıdır. Çempionat başa çatdıqdan sonra məşq toplanışları gözləniləcək.

 


Paylaş: