
Kloze Mahirin durumunu açıqladı
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin son durumu müəyyənləşib.
Sportlife.az xəbər verir ki, 27 yaşlı futbolçu 2-ci Bundesliqanın “Fortuna”ya qarşı XXXI tur matçında (3:3) əlindən zədə almış və son məşqlərə xüsusi şinlə çıxmışdı.
“Nürnberq”in saytı Emrelinin son vəziyyətini açıqlayıb. Qeyd edilib ki, o, mayın 4-də “Elversberq”ə qarşı XXXII turun ev oyununda meydana çıxa biləcək və bu zədə hücumçu üçün problem yaratmır.
“Nürnberq”in baş məşqçisi Miroslav Kloze də zədənin Mahirə problem yaradacağını düşünmür: “Futbolda avtomatik olaraq ikili mübarizələrə girirsən. Mənə elə gəlmir ki, bu, ona mane olacaq”.
Sonuncu mətbuat konfransında 46 yaşlı mütəxəssisə “yeni mövsümdə Danilo Soares və Mahir Emreli ilə işləmək istəyirsinizmi?” sualı da ünvanlanıb. Kloze suala müəmmalı cavab verib: “Mənim bildiyimə görə, yalnız Emrelinin müqaviləsi başa çatır. Danilo nə qədər sakit və məntiqli biri olduğunu hər gün göstərir. Belə oyunçular komandaya lazımdır”.
Qeyd edək ki, ötən ilin yayında “Nürnberq”ə keçən Mahir Emrelinin klubla müqaviləsinin müddəti bu il iyunun 30-da başa çatır. Onun karyerasını harada davam etdirəcəyi hələ müəyyənləşməyib.