Ehtiram Quliyevin haqlı qəzəbi və yanlış ifadəsi
Oyunun nəticəsini hakim qərarları müəyyənləşdirəndə, bütün sistem sual altına düşür. Dünən "Zirə” – “Turan Tovuz” qarşılaşmasında baş hakim Əliyar Ağayevin iki epizodda “Zirə”nin xeyrinə verdiyi qərarlar oyundan sonra da gərginliyi artırdı. Epizodlar kifayət qədər açıq idi və bu, narazılığın emosiyadan deyil, faktlardan qaynaqlandığını göstərir.
“Turan Tovuz” prezidenti Ehtiram Quliyevin oyundan sonra səsləndirdiyi fikirlər Azərbaycan futbolunda nadir görünən açıq və kompromissiz mövqeni ifadə edir. O, təkcə konkret oyunu deyil, ümumilikdə sistemə olan etimadsızlığı dilə gətirdi. Açıq və sərt danışdı...
Bu cür çıxışlar yalnız emosional reaksiya kimi qiymətləndirilməməlidir. Bu, futbola yatırım edən bir tərəfin sistemə verdiyi ultimativ siqnaldır. AFFA rəhbərliyi artıq bu siqnalları görməzlikdən gələ bilməz.
Ehtiram Quliyevin çıxışındakı “Biz suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq” ifadəsi isə idman çərçivəsindən çıxan, dini həssaslıqlara toxunan ritorikadır. Bu cür ifadələr haqlı tənqidin təsir gücünü zəiflədir, diqqəti əsas problemdən yayındırır. Tənqid sərt ola bilər, amma belə yox. Güclü arqument emosional yüklə deyil, dəqiqlik və əsaslandırma ilə daha təsirli olur.
Mirələm HƏSƏNLİ