Ciddi işin qeyri-ciddi nümayəndələri

  • 10 May 2024, 18:21

AFFA U-16 liqasının 30-cu turu çərçivəsində keçirilən "Kəpəz" - "Qəbələ" matçında baş verənlərdən xəbərdarsınız. Gəncədə oynanılan qarşılaşmada futbolçular arasında qarşıdurma yaşanıb, azarkeşlərin də məsələyə qarışmasından sonra qonaq komandanın oyunçuları döyülüb.

İki gündür ölkə gündəmini zəbt edən bu biabırçı hadisə bir daha "Kəpəz" klubunda bərbad idarəetməni ortaya çıxarır. Oyunun təşkilatçılığında məsul olan ev sahibi komanda meydandakı futbolçuların təhlükəsizliyinə cavabdeh olmasından belə xəbərsizdir. 

Məsələ ilə bağlı mətbuata açıqlama verən "Kəpəz" Futbol Akademiyasının rəhbəri Cabir İbrahimov yaşananların futbolda normal olduğunu və ortada ciddi nəsə görmədiyini bildirib. Görünür, "Kəpəz"də bir nəfər belə olsun gördüyü işin önəmini, ciddiyətini qavrayan kimsə yoxdur. Əslində isə baş verənlər çox ciddi siqnaldır. 

Yəni 16 yaşlı uşaqların kənar şəxslər tərəfindən döyülməsi ciddi məsələ deyil? Bəli, futbolda aqressivlik, dava-dalaş olur. Amma daha U-16 liqasında azarkeşlərin azyaşlıları döyməsi rast gəlinən hadisə deyil. Əgər "Kəpəz" rəhbərliyi üzərinə düşən işi lazımınca görüb, oyundakı təhlükəsizliyi təmin edə bilsəydi, bunların heç biri baş verməzdi. 

Amma görünən budur ki, rəhbərlik yaşananlardan məyus belə olmayıb. Sahəyə qeyri-ciddi yanaşanlara kifayət qədər ciddi işlərin tapşırılması ortaya bu xoşagəlməz hadisələri çıxarır.

Həsrət


Paylaş: