Yeni AFFA rəhbərliyinə - Faydasız icraçılardan başlayın!

  • 15 May 2024, 15:17

Premyer Liqanın başa çatmasına 2 tur qalır. Klublar artıq indidən yeni mövsümün planlarını cızır. Uğursuz transferləri göndərməyə, lazımlılarla yeni müqavilə danışıqları aparmağa başlayıblar.

 Ancaq nədənsə həmişə bu dəyişikliklər futbolçuların üzərində aparılır. Maksimum baş məşqçilər dəyişir, icraçılar öz kreslolarında yapışıb qalırlar...

Bəllidir ki, klublarımızın əksəriyyəti dövlət tərəfindən ayrılmış büdcə hesabına fəaliyyət göstərir. Dəqiq desək, maliyyə AFFA vasitəsilə klubların hesabına köçürülür. Buna görə də klublar müstəqil deyil, AFFA-nın təyin etdiyi şəxslərin əli ilə idarə olunur.

Mövcud vəziyyəti dəyişmək çox çətindir. Klublar möhkəm maliyyə dayaqları tapana qədər belə də davam edəcək. Ancaq bu, o demək deyil ki, həmin icraçılar uğur oldu-olmadı öz postlarında qalmalıdır. Dövlətdən ayrılan hər manatın hesabı sorulmasa, hər şey daha pisə gedəcək.

İndiyə qədər icraçı təyinatlılar bu məsuliyyəti hər nə təhərsə hesabat verməklə öz boyunlarından ata biliblər. Köhnə AFFA rəhbərliyi də orda göstərilən rəqəmlərə qane olub. Ayrılmış milyonların hara-necə  xərclənməsi ilə maraqlanan olmayıb. Kağız üzərində yazılan xərclərin uyğun gəlməsi ilə kifayətləniblər. Faydasız və nəticəsiz işlərin hesab-kitabı aparılmayıb. İllər keçib, futbolumuzu ağ günə çıxaran olmayıb. Həmin təyinatlılar dövlətin ayırdığı xalqın pulunu öz dədə malı kimi dağıdaraq, sonda AFFA-ya A4 kağızında hesabat təqdim edərək məsuliyyətdən yaxa qurtarıba biliblər.

Yeni AFFA rəhbərliyi növbəti mövsümdən bu məqamlara xüsusi diqqət və həssaslıqla yanaşsa, vəziyyəti yaxşıya dəyişə bilər. Baş məşqçi və futbolçular kimi həmin funksionerlər də uğursuzluğun nəticəsi kimi işlərini itirmək təhlükəsini hiss etsələr, daha yaxşı işlərə şahidlik edə bilərik.

İntiqam

 

       


Paylaş: