Rəhim, ancaq “şapka”?
Bir vaxtlar Frank De Bleker AFFA Hakimlər Komitəsinin sədri olduğu dövrdə hər tur oyunlardakı mübahisəli epizodlar təhlil olunur, hakim qərarları izah edilirdi. O, videonun əvvəlində azarkeşləri ingilis dilində salamlayır, epizodlarla bağlı ümumi məlumat verirdi. Daha sonra isə şərhlər AFFA əməkdaşı tərəfindən Azərbaycan dilində səsləndirilirdi.
Bu format indi də davam edir...
Rəhim Həsənov da kamera qarşısına çıxır, azarkeşləri salamlayır və bildirir ki, mübahisəli epizodların təhlili üçün qarşınızdayam. Amma bununla da kifayətlənir. Epizodların izahını yenə başqa səs təqdim edir.
Niyə?
“Mübahisəli epizodların təhlili üçün qarşınızdayam” deyən Rəhim Həsənov bu epizodları özü təhlil etmir? Videoda onun rolu nədən ibarətdir?
Artıq bu mövzu ilə bağlı müəyyən iddialar səslənir. Bildirilir ki, Həsənov yalnız videoların “şapka” hissəsində yer alır, təhlillər isə başqa şəxslər tərəfindən hazırlanır. Bu iddianın doğru olub-olmaması ayrı məsələdir. Amma mövcud format belə şübhələrin yaranmasına zəmin yaradır.
Halbuki məsələni aydınlaşdırmaq üçün xüsusi addıma ehtiyac yoxdur.
Növbəti videolarda epizodları elə Rəhim Həsənov özü şərh etsin. Açıq, birbaşa, vasitəçisiz.
Bu, nə texniki baxımdan çətindir, nə də vaxt baxımından.
Mirələm HƏSƏNLİ