Hakim təyinatlarının gizli ssenaristi kimdir?

  • Bu gün, 16:15

Hakim təyinatları niyə bu qədər müzakirə olunur? Anlamaq çətin deyil. Səbəb də, ünvan da bəllidir. “Sabah”ın prezidenti Maqsud Adıgözəlovun proseslərə müdaxiləsi ilə bağlı iddialar yenidən gərginliyi artırıb. 

Bu barədə ilk dəfə yazmırıq. Dəfələrlə qeyd etmişik ki, Adıgözəlov özünün və Balakişi Qasımovun AFFA daxilindəki statusundan istifadə edərək hakimlər komitəsinə təsir imkanlarını xeyli genişləndirib. Hətta iddia olunur ki, son söz məhz Adıgözəlova məxsusdur.

Sportlife.az-a danışan mənbənin sözlərinə görə, hakim təyinatlarında son qərar Maqsud Adıgözəlov tərəfindən verilir. Onun Rəhim Həsənovu Hakimlər Komitəsinin sədri postuna gətirməsi də təsadüfi deyil. Məqsəd prosesi tam nəzarətdə saxlamaqdır.

İddialara görə, Rəhim Həsənov təyinatları hazırladıqdan sonra sənədi Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurova təqdim edir. Teymurov öz qeydlərini etdikdən sonra sənədin fotosu Adıgözəlova göndərir. Adıgözəlov isə əvvəlcə “Sabah”ın oyunundakı, daha sonra digər qarşılaşmalardakı təyinatları nəzərdən keçirir və yekun qərarı təsdiqləyir.

İndi siz deyin: əgər iddialar doğrudursa, belə bir mexanizm fonunda hakimlərin ədalətli və şəffaf idarəçiliyinə kim inanacaq?

Mirələm HƏSƏNLİ 


Paylaş: