Bəs ədalət, Abbasov?
10 gün öncə "Açıqsözlü Abbasov" başlıqlı yazı yazmışdım. Orda belə bir cümlə də qeyd etmişdim: Ümid edək ki, Ayxan Abbasov hər mövzuda belə açıq və prinsipial olacaq. Lakin təəssüf ki, bu prinsipiallıq ilk ciddi seçimdə özünü doğrultmadı.
Ayxan Abbasov 12 həftədir meydandan uzaq qalan, zədədən tam bərpa olunmayan Şahruddin Məhəmmədəliyevi Azərbaycan milli komandasına dəvət edib...
Şahruddin "Qarabağ"ın heyətində Premyer Liqada sonuncu dəfə 12-ci turda meydana çıxıb və zədələnmişdi. 13-cü turdan bəri də adı oyunların iştirak ərizəsinə salınmır. 3 aya yaxındır oyun təcrübəsi olmayan qapıçı hansı göstəricilərinə görə yığmaya layiq görülür?
Hətta Qurban Qurbanov da "Kəpəz"lə oyundan sonra bu xəbəri eşidəndə təəccübünü gizlədə bilməyib...
Yusif İmanov yığmaya niyə dəvət almayıb? Müntəzəm oynayan, əvvəllər də millinin şərəfini qoruyan 23 yaşlı qapıçı hamsı səhvinə görə buna layiq görülməyib? Mövsüm ərzində Şahruddindən də, Rza Cəfərovdan də daha çox meydanda olması onun siyahıya əlavə olunması üçün kifayət etmədi? Bu seçim Yusifə qarşı ədalətsizlik olmadı? Açıq və aşkar!
Mövsümün əvvəlində Yusif "Sabah"la böyük problemlər yaşamışdı. Maqsud Adıgözəlov Ayxan Abbasovun əli ilə Yusifi millidən kənar qoymaqla cəzalandırır?
Əgər belədirsə, bu seçim millinin yox, başqa maraqlara xidmət edir.
Mirələm HƏSƏNLİ