Növbəti imitasiya səhnəsi

  • Bu gün, 13:17

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Regional Futbol Federasiyalarının rəhbərləri ilə görüş keçirib. Bu, Fərəcullayevin RFF-in rəhbərləri ilə ilk tanışlığıdır. Bir ildən sonra...

Bu faktın özü artıq çox şeyi deyir. Region futbolu ölkə futbolunun təməlidir və həmin təməllə bağlı müzakirələr bir ildən sonra “yada düşürsə”, burada sistemli yanaşmadan danışmaq çətindir. Gecikmiş addımlar adətən ya formal xarakter daşıyır, ya da gecikdiyi üçün təsir gücünü itirir.

Toplantıda səslənən fikirlər də yad deyil: infrastrukturun inkişafı, uşaq futbolu, məşqçi hazırlığı... Bunlar illərdir eşitdiyimiz, hər iclasda təkrarlanan standart tezislərdir. Bu cümlələr artıq futbol ictimaiyyətində inam yox, ikrah doğurur. Çünki əməl yoxdur. Danışılanlar icra olunmur.

Əgər bu görüş sadəcə protokol xatirinə, şəkil çəkdirmək üçün təşkil olunubsa, əlavə şərhə nə ehtiyac? Bu cür “fəaliyyət imitasiyalarını” çox görmüşük.

Hazırda AFFA rəhbərliyinin nəyisə dəyişəcəyinə inam yoxdur. Bu, təsadüfi deyil. İnamı formaşdırmaq lazımdır. Bunun üçün ilk növbədə şəffaflıq, ardıcıllıq və real nəticələr lazımdır. Uşaq futbolu inkişaf edəcəksə, bu hiss olunmalıdır.

Mirələm HƏSƏNLİ 


Paylaş: