Açıqsözlü Abbasov

  • Bu gün, 13:02

"Bir çox klub rəhbəri artıq getməlidir".

Açığı, belə fikirlər Azərbaycan futbolunda tez-tez səslənmir. Çünki bu, sadəcə fikir deyil, sistemə yönəlmiş haqlı ittihamdır.

Son illərdə Azərbaycan futbolunda səslənmiş ən cəsarətli açıqlamalardan birinin müəllifi Ayxan Abbasov oldu. Ümid edək ki, hər mövzuda belə açıq və prinsipial olacaq. Əhsən!

Belə fikirlər mətbuatda tez-tez yazılır. Sadəcə bu dəfə bir baş məşqçi ucadan danışdı. Çəkinmədi...

Azərbaycan futbolunda ən rahat peşə klub rəhbəri olmaqdır. Nəticəyə görə hesab vermirsən, amma bütün qərarları sən verirsən.

Baş məşqçi dəyişmək artıq bəzi klublar üçün idarəetmə modeli halına gəlib. Hər yeni məşqçi gəlir, öz komandasını qurur, yeni transferlər edir. Bir müddət keçir və o da gedir. Bu mexanizm işə bəziləri üçün olduqca sərfəlidir.

Futbol transferlər və müxtəlif layihələr vasitəsilə böyük pulların dövr etdiyi bir sistemdir. Bəzən bu sistemdə klub maraqları yox, başqa maraqlar ön plana keçir.

Abbasovun başqa bir mesajı da diqqətdən qaçmamalıdır. O, yerli məşqçilərə də müraciət edir: paxıllıq etməyin və olanı danışın. Çünki Azərbaycan futbolunda hər kəs çox şeyi görür, amma çox az adam danışır.

 Açıq danışan adamları çox sevmirlər. Amma ölkə futbolunu məhz belə açıqsözlü mütəxəssislər xilas edə bilər. 

Mirələm HƏSƏNLİ 


Paylaş: