Sərxan Hacıyevin gülməli inamı

  • Bu gün, 18:04

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev U-20 milli komandasının baş məşqçisi Rui Jorjenin mətbuat konfransında iştirak edib. Uzun müddət ictimaiyyət qarşısında görünməyən Hacıyev deyib ki, U-20 millimizin dünya çempionatında uğurlu çıxış edəcəyinə inanır.

O inanır, biz isə gülürük. Yəqin onun bu fikirləri oxucularda da gülüş doğurub. Nəyə əsasən inanırsınız buna, Sərxan bəy? Açıqlamanızdan qeyri-səmimilik yağır...

Hacıyev deyib ki, inanırıq ki, Rui Jorjenin böyük futbol təcrübəsinin bizim futbolçulara müsbət təsiri olacaq. Təsir? Futbol oynamaq lazımdır, təsirlənməklə bu iş olmaz. Oynamaq üçün də yerli oyunçu yetişdirmək lazımdır. Bunun yolu da xaricdən baş məşqçi gətirmək deyil!

Baş məşqçinin qarşısına əsas hansı hədəf qoyulub? Dünya çempionatında uğurlu çıxış, yoxsa əsas milliyə gələcək üçün futbolçu vermək? 

Bu suala Hacıyevin verdiyi cavaba baxın:

"Ən azından millimiz güclü komandalara qarşı döyüşə bilsin. Uğurlu çıxış deyəndə bunu nəzərdə tuturuq. Gələcəkdə necə olacağını bilmirəm. Hazırda biz ancaq dünya çempionatından danışırıq. Məqsəd də ancaq DÇ üçün qoyulan məqsədlərdir".

Deməli, milliyə gələcək üçün futbolçu vermək hədəf belə deyil.

Hacıyev, sizə də gülməli gəlir, eləmi?

Mirələm HƏSƏNLİ 


Paylaş: