Balakişi Qasımovun ironiyası
Feysbuk sosial şəbəkəsində qarşıma Rəşad Məcidin bir statusu çıxdı. “Qarabağ” azarkeşi olan Rəşad bəy “Sabah”ın avrokuboklarda “Qarabağ” qədər həyəcan yaradacağına şübhə ilə yanaşıb.
Amma diqqətimi çəkən status yox, rəy bölməsi oldu.Ölkə futbolunun idarəçilərindən biri, AFFA-nın vitse-prezidenti Balakişi Qasımov belə yazır:
“Bəlkə belə bir qayda tətbiq edək ki, çempion olan komanda bir il müddətinə adını dəyişib "Qarabağ" olsun. O zaman həm hisslər yerində olar, həm də siyasət”.
Bu, zarafatdır, yoxsa futbol idarəçisinin baxış bucağı?
Bu, azarkeş reaksiyasıdır, yoxsa vəzifə sahibinin mövqeyi?
Hamıya məlumdur ki, “Sabah” Balakişi Qasımov üçün yad klub deyil. Onun stadionda əsasən bu komandanın oyunlarında görünməsi də təsadüf sayılmır.
Amma məsələ burasındadır ki, bu yaxınlıq bu qədər açıq nümayiş etdirilməlidirmi?
O zaman niyə digər klublar “Sabah”a münasibətdə şübhə ifadə edəndə buna aqressiv reaksiya verilir?
Niyə sual verənlər problemli tərəf kimi göstərilir?
Maqsud Adıgözəlov AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Balakişi Qasımov isə vitse-prezident.
Bu konfiqurasiyada sualların yaranması təbiidir.
Əslində problem suallar deyil. Problem bu qədər açıq olan mənzərədir.
Mirələm HƏSƏNLİ