
Koxalskiyə görə tənqid olundu
Polşa millisinin artıq istefa vermiş baş məşqçisi Mixal Probyej “Qarabağ”ın qapıçısı Mateuş Koxalskini yığmaya çağırdığı üçün sərt tənqid olunub.
Sportlife.az xəbər verir ki, Polşa mətbuatı Ağdam təmsilçisinin əsas qolkiperinin millidən kənarda qalan Kamil Qrabaradan aşağı səviyyəli olduğunu iddia edib.
“Probyejin bəzi dəvətləri ilə bağlı şübhələr var, çünki onun qərarları sadəcə məntiqsiz idi. Ən yaxşılardan birinə və bəlkə də Voytseex Şesnının iddia etdiyi kimi, ən yaxşı polşalı qapıçıya tamamilə məhəl qoymamaq buna bariz nümunədir. Kamil Qrabara Bundesliqada möcüzələr yaradır və hələ də milliyə dəvət edilmir, kənarda qalır. Milliyə dəvət edilənlər isə ondan bir-iki dəfə aşağı səviyyədə idi: Bartlomey Dronqovski, Radoslav Maetski, Mateuş Koxalski, Bartoş Mrojek, Kasper Trelovski və Oliver Zıx kimi”.
Xatırladaq ki, “Qarabağ”ın qapıçısı Moldova ilə yoldaşlıq görüşündə ehtiyat oyunçular skamyasında oturub. DÇ-2026-nın seçmə mərhələsinin Finlandiya ilə oyunu üçün isə onun adı sifariş ərizəsinə daxil edilməyib.