“Qaradan daha yaxşı kim var ki?”

  • 15 Dekabr 2024, 11:00

Azərbaycan millisinin sabiq üzvü, hazırda AFFA-da məşqçilərin maarifləndirmə şöbəsinin müdiri kimi çalışan Aslan Kərimov Sportlife.az-a Qara Qarayevin milliyə mümkün qayıdışı barədə danışıb:

"Qaradan daha yaxşı yarımmüdafiəçi mövqeyində kim var ki? Müdafiəyə meylli olaraq ondan yaxşısı yoxdur. Qara bilsə ki, onu milliyə çağıracaqlar, fasilə onun üçün göydəndüşmə olacaq. O, əvvəlki formasını bərpa edə biləcək. Ümumilikdə götürəsi olsaq, o, 6 aya yaxın oynamadı. İndi isə “Araz-Naxçıvan”da yenidən oynamağa başlayıb. Düşünürəm ki, təcrübəli futbolçulara əvvəlki formasına qayıtmaq üçün çox vaxta ehtiyac yoxdur. Qara bizim milli üçün dəyişilməz oyunçu ola bilər. Meydanın mərkəzində bu qədər ikili mübarizədə məğlub olan milli üçün dayaq yarımmüdafiəçi mövqeyində topu almağı bacaran və birinci pası verməyi bilən, hər iki ayağıyla uzun ötürmələr verən bir oyunçuya ehtiyacımız var. Millinin seleksionerləri bu haqda fikirləşə bilər".

O, həmçinin gəncləşmə prosesinin də mərhələ-mərhələ, daha ağılla düşünülərək edilməli olduğunu da bildirib:

"Yeni adlara güvənməliyik, ancaq sonuncu oyunda da gördük ki, Zamiq Əliyevdən rahatlıqla topu alıb İsveç millisi necə qol vurdu. Məncə belə bir oyunçunun milliyə çağrılması hələ tez idi. Albaniyada oynayır, ancaq ora bizim çempionatdan çox da üstün deyil. Xaricdə oynamağı o demək deyil ki, hər şeyə qadirdi. Filippin də xaricdi. Mən onun potensialını dəyərləndirmirəm, bəlkə də gələcəkdə daha yaxşı olar, ancaq onun üçün milli indi hələ tezdir. Gəncləri milliyə cəlb edəcəyiksə, bunu mərhələ-mərhələ etməliyik. Birdən hamısını meydana buraxmaq olmaz. Planlı şəkildə irəliləmək lazımdır".

Elnur İsmayılov


Paylaş: