De Blekere: "Benziaya verilən sarı vərəqə düzgündür

  • 24 Aprel 2025, 18:35

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ" və "Araz-Naxçıvan" komandaları arasında baş tutan cavab oyununda qeydə alınan mübahisəli epizodları şərh edib.

Sportlife.az xəbər verir ki, o, qarşılaşmanın 44-cü dəqiqəsində Ağdam təmsilçisinin heyətində sarı vərəqə alan Yassin Benziyanın cəzalanmasının doğru qərar olduğunu söyləyib:

“Qarabağ”ın 7 nömrəli futbolçusu (Yassin Benziya) meydanın mərkəzində top uğrunda mübarizə apararkən topa vurmaq istəyir, lakin sol ayağı ilə “Araz-Naxçıvan”ın futbolçusunun ayağına dəyir. Hakim bunu düşüncəsiz hərəkət kimi qiymətləndirir və sarı vərəqə göstərir. Bu, aşağı intensivli və aşağı təsirli yüngül “kontakt” olduğu üçün düşüncəsiz oyuna görə verilmiş sarı vərəqə düzgün qiymətləndirmədir. Əgər bu, tam “kontakt”, yüksək intensivlik və təsirlə edilən müdaxilə olsaydı, o zaman ciddi qayda pozuntusuna görə qırmızı vərəqə gözlənilərdi.

64-cü dəqiqədə sürətli qaçış və top uğrunda mübarizədə “Araz-Naxçıvan”ın 97 nömrəli futbolçusu (Felipe Santos) yıxılır. Yaxşı mövqedə olan hakim oyunu davam etdirir və növbəti hücumda “Qarabağ” qol vurur. VAR qoldan sonra görüntülərə baxır, həmçinin əvvəlki epizodu yoxlayır, “Araz-Naxçıvan”ın oyunçusuna qarşı qayda pozuntusu olmadığını müəyyən edir (APP). Qol düzgün şəkildə təsdiq edilir.

75-ci dəqiqədə “Qarabağ”ın hücumu zamanı 15 nömrəli oyunçu (Leandro Andrade) cərimə meydançasında hərəkət edir. O, ötürmə verir və top əvvəlcə “Araz-Naxçıvan”ın 34 nömrəli futbolçusunun (Urfan Abbasov) bədəninə, sonra isə qoluna dəyir. Hakim penalti qərarı verir. Əgər top əvvəl bədəndən gəlirsə, qol çiyindən yuxarı mövqedədirsə və topa doğru hərəkət edirsə (UEFA Təlimatlarına əsasən), penalti qərarı düzgün hesab olunur".


Paylaş: