
"Şərtlər məni qane etmədi"
“Kəpəz” Azərbaycan Premyer Liqasının sonuncu - XXXVI turunda “Turan Tovuz”un qonağı olub.
Sportlife.az xəbər verir ki, oyundan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. Mütəxəssis 0:4 hesablı darmadağını belə şərh edib:
“Oyun barədə çox danışmağa dəyməz. Nəticə oyun başlamamış bəlli idi. Tovuzluları təbrik edirəm. Dünən futbolçularla görüş oldu. Həmin görüşün neqativ nəticəsi də bu gün meydanda göründü. Rəhbərliklə fikirlərimiz üst-üstə düşmədi. Belə qərara gəldik ki, yollarımızı ayıraq. “Kəpəz” barədə çox danışmaq istəmirəm. Mənim öz baxışlarım var.
Futbolçuların bilərəkdən nələrsə etdiyini düşünmürəm. Heç vaxt belə bir şey ola bilməz. Mənim burada haqqım var. Ona görə haqqım var ki, vaxtımın çoxunu burada keçirmişəm. Mən həmişə futbolçulara bir söz demişəm ki, düzgün olmalısınız. Düzgün olsanız, hər şey rahat olacaq.
Əsla peşman deyiləm. Bəlkə həftələr əvvəl bu baş versəydi, “Kəpəz” Premyer Liqada qalmayacaqdı. Amma düşünürəm ki, bu azarkeşlər gələn il də “Kəpəz”i burada görməlidirlər. Çünki Gəncəyə böyük futbol yaraşır.
Aleksey Baqanın gəlməsi ilə bağlı mediadan oxuyurduq. Amma belə deyim, şərtlər məni qane etmədi, komandadan ayrılıram. Kim gəlirsə, gəlsin, əsas odur Gəncədə futbol yaşasın”.