
Bakıda "Elit Məşq" layihəsi keçirilmir - Ehtiyac yoxdur, yoxsa maraq?
Artıq uzun müddətdir ki, Bakıda "Elit Məşq" Layihəsi çərçivəsində məşqlər keçirilmir. AFFA ötən il UEFA-nın layihəsini cəmi 7 rayonda ( Quba, Zaqatala, Şəki, İmişli, Cəlilabad, Lənkəran, Quzanlı) keçirib.
Maraqlıdır, Bakıda belə məşqlərə ehtiyac yoxdur?
“Təhsil” futbol məktəbinin məşqçisi Azər Cabbarov Sportlife.az saytına açıqlamasında bu məsələyə münasibət bildirdi:
"Azərbaycanın bütün rayonlarında "Vətən" və "Sabah"ın məşqçiləri işləyir. "Ulduz" və ROFM-da işləyən məşqçilər də var. Onlar onsuz da rayonlardakı ən yaxşı uşaqları ora göndərirlər. Bundan başqa, "Neftçi" və "Qarabağ" seleksiya aparan kimi rayondan uşaqlar gəlir. Onları öz komandalarına cəlb edirlər. Bakıda Elit Məşqlərin olmasının üstünlüyü o idi ki, hər komandadan bacarıqlı uşaqlar həftədə 2 dəfə təbii meydançaya çıxıb, yaxşı məşqlər edirdilər. Ən azından millinin məşqçiləri də bu uşaqları tanıyırdılar. Həmin məşçilərlə görüşəndə uşaqlarla maraqlanır, onların müsbət və mənfi tərəflərini deyirdilər. Məncə, Bakıdakı Elit Məşqlər ləğv olunmamalı idi".