
Adil Vəliyev "Kəpəz"in İdarə Heyətinə necə üzv seçilib?
"Kəpəz"in rəsmi saytında klubun İdarə Heyətinin üzvləri arasında Adil Vəliyev adlı şəxsin də adı qeyd olunub. Lakin 10 may tarixində ictimaiyyətə təqdim edilən klubun İdarə Heyətinin üzvləri siyahısında bu şəxsin adı yer almırdı.
Əlavə olaraq, yayımlanan fotomateriallardan da görünür ki, İdarə Heyətinin həmin tarixdə keçirilən iclasında Adil Vəliyev iştirak etməyib.
Bir şəxs İdarə Heyətinə seçilibsə, bu, mütləq şəkildə kollegial qərarla, şəffaf prosedurla və sənədlə təsdiqlənməlidir. Klubun özünün yaydığı vizual və yazılı materiallara əsasən, belə bir prosesin Adil Vəliyev üçün tətbiq olunmadığı aşkardır. Bu isə aşağıdakı ehtimalları gücləndirir:
Adil Vəliyev qeyri-rəsmi şəkildə siyahıya sonradan əlavə edilib, bu isə hüquqi baxımdan heç bir qüvvəyə malik deyil.
İdarə Heyətinin tərkibi gizli şəkildə dəyişdirilib, bu isə klubun hesabatlılığı və şəffaflığına ciddi zərbə vurur.
Qanunsuz və ya formal prosedurla "üzvlük" verilib, bu isə idman hüququnun prinsiplərinə ziddir.
“Kəpəz” klubunun mətbuat xidmətinə mövzu ilə bağlı sorğu göndərsək də, 1 həftə keçməsinə baxmayaraq, bizə heç bir cavab təqdim edilməyib. Bu isə əlavə bir sualı ortaya çıxarır: Niyə cavab verilmir? Cavab verməyə tutarlı bir arqument tapılmayıb, yoxsa məsələni gizlətmək cəhdi var?
Bu cür davranışlar nəinki klubun etibarına xələl gətirir, həm də ölkə futbolunda şəffaflıq və hesabatlılıqla bağlı illərdir səsləndirilən tənqidləri bir daha aktuallaşdırır.
Adil Vəliyevin İdarə Heyətinə nə zaman və hansı əsasla daxil edildiyi ictimaiyyətə rəsmi sənədlərlə açıqlanmalıdır. Futbol meydanında nəticə qazanmaq istəyən klub əvvəlcə idarəçilik səviyyəsində dürüstlük və şəffaflıq nümayiş etdirməlidir.
Mirələm HƏSƏNLİ