
Tənqidə yanaşmanın üç üzü
Tənqidə yanaşma 3 cür olur. Təmiz adamlar tənqidə açıq olur, yazılanları oxuyar, nəticə çıxarmağa çalışarlar. Çünki gizlədiləcək heç nələri olmaz.
İkinci bir dəstə də var ki, ümumiyyətlə tənqid onları narahat etməz. Nə yazılsa, boş verərlər. Bildiklərini edər, veclərinə də almazlar. Belələri adətən kimlərəsə güvənər. Kreslo, vəzifə, tanış, “dayday”...
Üçüncü kateqoriyaya aid olanlar isə ən təhlükəlilərdir. Qorxaq, qaranlıqda iş çevirən, kölgəsindən də çəkinən tiplər. Onlar tənqidə cavab vermək, özlərini düzəltmək yerinə qəzəblənirlər. Qorxurlar ki, yazılan tənqidlər onların qaranlıq işlərini gün işığına çıxarar. Ona görə də, onlar qorxularını gizlətmək üçün hücuma keçirlər. Yazıları sildirməyə, insanları susdurmağa, hər şeyi kökündən həll etməyə çalışırlar. Elə bilirlər hamı onlar kimidir, hər tənqidçinin arxasında hansısa qüvvələr var. Yanılırlar. Çünki onlar mərdlə namərdi səhv salırlar.
Mərd adam düzü düz, əyrini əyri deyər. Qorxmadan. Mərd olmaq üçün kişiliyin də, vicdanın da, ləyaqətin də yerində olmalıdır.
Mərdi qova-qova namərd eləmək olmur. Namərd mərdi səhv salıb, özünə bənzətməyə çalışmaq istəsə belə...
Mirələm HƏSƏNLİ