
AFFA-nın Elit Planı: Gözlərdən uzaq, hesabatdan kənar
AFFA-nın UEFA-nın "Elit Məşq" layihəsini ötən il cəmi 7 rayonda – Quba, Zaqatala, Şəki, İmişli, Cəlilabad, Lənkəran və Quzanlıda keçirməsi, paytaxt Bakının isə siyahıya düşməməsi, bir çox "kabinetlərdə” sual doğurmalı idi. Niyə Bakı yox? Cavab bəlkə də sadədir – Bakı göz qabağındadır, regionlar isə gözdən və könüldən uzaq. Bu halda, layihəni “olmuş kimi göstərmək” də daha asandır. Çünki uzaqda keçirilən məşqlərin nə mediada düzgün işıqlandırılması var, nə də ictimai nəzarəti.
Daha maraqlısı isə budur ki, 2024-cü ildə keçirilən bu məşqlərlə bağlı AFFA-nın rəsmi saytında nə bir xəbər, nə bir şəkil, nə də hər hans hesabat var. UEFA layihəsi üçün ayrılmış resurslar necə istifadə olunub? məşqlər real şəkildə baş tutub, yoxsa sadəcə “forma doldurmaq” üçünmü keçirilib? Sual çoxdur, cavab isə - sıfır.
Bəlkə də AFFA üçün Elit Məşqlərin Bakıda keçirilməsi artıq "riskli" idi? Paytaxtda hər şey daha yaxşı görünür, daha çox sual yaranır, media aktivdir, ictimaiyyət sorğulaya bilir. Bəs regionlarda? Hətta uşaqların məşqlərə çıxıb-çıxmamasını belə yalnız Allah bilir.
Əgər məsələni bir az da dərinə aparsaq, bəlkə AFFA-nın gizli strategiyası da elə budur – futbol inkişaf etməsin. Çünki inkişaf sorğulama gətirir.
Mirələm HƏSƏNLİ