Aydın olmayan oyunlar...

  • 15 Aprel 2025, 17:31

"Sabah"ın son 5 oyunda cəmi 2 xal toplaması futbolda "mövsümi iflic" sindromunun tipik nümunəsidir. İroniyaya baxın ki, bu klub eyni statistika ilə Premyer Liqanın son pilləsində qərarlaşan "Səbail"lə eyni qaranlıq koridorda addımlayır. Tək fərq "Səbail"in heç olmasa, "Kəpəz" və "Turan Tovuz"dan bir xal qopara bilməsidir. "Sabah" isə bu iki komandayla oyunlarda sanki rəqib yox, sparrinq tərəfdaşı olub.

Bu nəticələr sadəcə futbolla əlaqəlidir, yoxsa daha dərin bir problem var? Nə baş verir? Bəlkə bu klubun bütün ümidləri sabaha qalıb? Sabah nə olacaq?

Gələk əsas absurda: klub prezidenti Maqsud Adıgözəlov. Əgər bu klubun idarəçiliyi onun "futbol menecmenti" anlayışının məhsuludursa, AFFA-nın İcraiyyə Komitəsindəki ideyalarından nə gözləmək olar? Axı hansı məntiqlə klubunu bataqlıqdan çıxara bilməyən biri ölkə futbolunun strategiyasını yönləndirə bilər? Bu, elə bil not tanımayan adamı filarmoniyanın dirijoru təyin etmək kimidir. Ondan necə harmoniya gözləyək?

Əgər AFFA bu yanaşmaya “strateji baxış” deyirsə, onda biz də bu gedişata “təntənəli məğlubiyyət planı” deyirik. Vəziyyət o həddə çatıb ki, "Sabah"ın oyunları artıq nəticə deyil, sual doğurur...

Mirələm HƏSƏNLİ


Paylaş: