
Batan mövsümün səssiz şahidləri
Bu mövsüm "Neftçi" nə itirdi, nə qazandı? Hər şey itirildi – oyun da, ümid də, məsuliyyət də. Nəticələr sürüşdü, performans suya düşdü, klub idarəçiləri isə bu prosesi sadəcə izləməklə kifayətləndilər.
10 komanda arasında 6-cı yer. 33 oyundan yalnız 8 qələbə. Vurulan qollar buraxılanlardan az. Bu, istənilən köklü klub üçün SOS siqnalıdır. Amma nədənsə, "Neftçi' gəmisində xilas zəngini çalan yoxdur.
Samir Abasov hər çıxışında bu komanda “mənlik deyil” mesajını ötürdü. O da özünü bu cür qorumağa çalışdı. Yaxşı, bəs bu komandaya qışda transferləri kim elədi? Hansı “görünməz idarəçilər”?
Əslində, bu durum bir nəfərin yox, bir sistemin fiaskosudur. Amma üzə çıxan yalnız Abasovdur. Digər məsul şəxslər ya kölgədə qalmağı seçir, ya da kölgədən faydalanır. Hələ üzə çıxmayanlar da var – Transfer siyahılarını hazırlayan “görünməz əllər” ...
Xilas zəngi susur. Bu gedişlə Neftçi batmaqdan qurtula bilməyəcək. Bu çöküşün ən acı tərəfi odur ki, hamı gördü, amma heç kim “dayan” demədi. Mövsüm boyu yaşananlara hamı şahid oldu – sadəcə susaraq.
Mirələm HƏSƏNLİ