
Dost xidməti
Azərbaycan milli komandasının nəticələri düzəlməyəcək. Çünki düzəlməsi üçün zəruri olan ilk addımlar belə atılmayıb. Vəziyyətin bu hala gəlməsində cavabdehlərin birbaşa məsuliyyəti var. Onlar futbolu inkişaf etdirmək, struktur problemlərini həll etmək əvəzinə şəxsi intriqalara və daxili savaşa fokuslanıblar.
İcraçı vitse-prezident Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev arasında davam edən münaqişə AFFA-nın daxilini çürüdür. Bu qarşıdurma artıq açıq müharibəyə çevrilib. Hacıyev tərəfi “məzlum” imicinə bürünərək səssiz, lakin məqsədyönlü addımlar atır, Fərəcullayev isə "dost" xidmətindən yararlanaraq özünə sadiq yeni komanda formalaşdırmağa can atır.
Bu “dost” federasiya işlərinə qarışır, bəzi tədbirlərdə iştirak edir və s. Bəs bu şəxs AFFA-ya necə daxil olub? Onun futbol idarəçiliyinə, struktur işlərinə, federasiya mexanizminə nə aidiyyatı var? Görünür, baş katib ona hansısa qeyri-rəsmi səlahiyyət verib.
Federasiyanın vitse-prezidenti Balakişi Qasımov bu situasiyaya nə deyir? O da bu müdaxilələrə razılıq verib, yoxsa baş verənləri görmür? Bura dost yeridirmi, cənab Qasımov? AFFA şəxsi münasibətlərin rəsmi kreslolarla əvəz olunduğu yer olmamalıdır!
Əgər baş katib hər istədiyi şəxsi “dostumdur” deyib qeyri-rəsmi struktura daxil edəcəksə, futbol nə vaxt düzələcək?
Bizdə olan məlumatlara görə, dost "məsləhətləri" ilə hərəkət edən baş katib tənqidçi mediaya qarşı təzyiqlər etməyə, mətbuatın səsini kəsməyə hazırlaşır. Ancaq bu, yalnız özünü daha da çıxılmaz vəziyyətə salmaqdan başqa bir şey deyil.
Sərxan Hacıyevlə Cahangir Fərəcullayevin məqsədi Azərbaycan futbolunu inkişaf etdirmək deyil, şəxsi nüfuz mübarizəsi və kreslo savaşıdır. Bu gedişlə nə milli komanda inkişaf edə, nə də futbol sistemimiz sağala bilər. Çünki xəstəliyin özü elə idarəetmə strukturundadır.
AFFA rəhbərliyində əyləşənlər anlamalıdır ki, mətbuatı susdurmaqla yox, mətbuatın yazdığı nöqsanları analiz edib tədbir görməklə vəziyyəti düzəldə bilərlər. Milli komanda xalqın qürur mənbəyidir, şəxsi ambisiyaların qurbanı ola bilməz.
Azərbaycan futbol ictimaiyyətinin və mətbuatının səbir həddi dolub. Bu cür idarəetmə ilə heç nə düzəlməyəcək.
Mirələm HƏSƏNLİ