Meyar yoxsa münasibət? - AFFA-nın loqikası

  • 15 Aprel 2025, 15:18

AFFA-nın İcraiyyə Komitəsində təmsil olunan sirli bir sima var - Leyla Xəlilova-Rzazadə. Bu xanım Elm və Təhsil Nazirliyinin strateji Planlaşdırma şöbəsinin müdiridir.

Təhsilin laboratoriyasından futbol meydanına düşmüş Leyla xanım müsahibələrindən birində özünü belə təqdim edir: "Sevdiyim işlə məşğul olmaq məni xoşbəxt edir." Maraqlıdır, indi də xoşbəxtdirmi? Çünki indi o, sevdiyi deyil, “təyin olunduğu” işlə məşğuldur.

Leyla xanım AFFA İcraiyyə Komitəsinin üzvü kimi 1 ildir ki, mühüm iclaslarda əyləşir, lakin nə bir təşəbbüs, nə bir çıxış, nə də ictimaiyyətə açıq bir mövqe sərgiləyib.

Yaxşı, bəlkə Leyla xanımın təhsil sahəsindəki təcrübəsi, uşaq və gənclərlə işləmə bacarığı futbola müsbət təsir edə bilər. Niyə bu təsir 1 il ərzində bir cümləlik açıqlamada belə hiss olunmadı? Niyə onun AFFA-dakı fəaliyyətinə dair heç bir ictimai hesabat, müsahibə, fikir, çıxış, məqalə, hətta status belə yoxdur?

Bəs bu xanım kimdir ki, Azərbaycan futbolunu “strateji” şəkildə yönəltmək ona həvalə olunub? Yoxsa bu qərarı onun yerinə başqaları verib? Kimlərsə onun təhsil portfelinə baxıb qərara gəlib ki, “bu xanım təhsili idarə edirsə, futbolu da idarə edər?"

İcraiyyə Komitəsinə gətirilən şəxslər hansı meyarlara görə seçilir? Peşəkarlıq, futbol təcrübəsi, sosial nüfuz, yoxsa sadəcə "etibarlılıq" və “uyğun dairələrə bağlılıq”?

Azərbaycan futbolunun transformasiya dövründə karyerası boyunca bir gün belə futbolla məşğul olmayan insanların qərarverici orqanına gətirilməsi, bəlkə də postmodern idarəçilik anlayışının ironik zirvəsidir.

Leyla Xəlilova-Rzazadə AFFA-ya necə və niyə gətirilib?

Sual sadədir. Cavabı isə siyasi və sosial baxımdan o qədər mürəkkəbdir ki, izah üçün elmi konfrans lazımdır...

Strategiyadan səs-soraq yoxdur, amma strategiyanı qəbul edənlərin fotoları var. Onlara baxaraq anlayırıq ki, Azərbaycan futbolunun gələcəyi bir qrup institutsional təsadüfün əlindədir.

Mirələm HƏSƏNLİ 


Paylaş: