"Neftçi"nin struktur iflası

  • 15 Aprel 2025, 13:51

“Neftçi”nin 9 tura 5 xal topladığı dövrdə Samir Abasovun baş məşqçi postuna gətirilməsi həm simvolik, həm də funksional mənada dönüş nöqtəsi kimi təqdim olunmuşdu. Lakin zaman keçdikcə bu addımın əslində sadəcə reaksion xarakter daşıdığı üzə çıxdı.

Abasovun rəhbərliyi altında “Neftçi” 21 oyunda 8 qələbə, 6 heç-heçə və 7 məğlubiyyətlə cəmi 30 xal toplayıb. Bu, mümkün 63 xaldan sadəcə 48%-nin qazanılması deməkdir. Başqa sözlə, 27 xal itirilib və bu itki yalnız xal yox, avrokubok şanslarının və azarkeş gözləntilərinin də tükənməsi anlamına gəlir.

“Neftçi”nin əvvəlki durumunu nəzərə alsaq, 5 xaldan 35-ə çatmaq nisbi inkişaf kimi görünə bilər. Lakin bu statistik yüksəliş nə komandanın rəqabət potensialını artırmağa, nə də oyun nəticələrində sabitlik yaratmağa yetdi. Əgər Abasov bu 27 xallıq itkinin 9-10 xalını belə əldən verməsəydi, “Neftçi” bu gün avrokuboklara vəsiqə üçün real namizəd ola bilərdi.

Samir Abasovun israrla komandanı 5 xaldan bu vəziyyətə gətirdiyini xatırlatması müəyyən mənada anlaşılır. Amma bu ritorika həm də məsuliyyət bölgüsündən yayınma cəhdidir. “Neftçi”nin sərəncamındakı resurslar və transfer imkanları fonunda bu nəticə nə azarkeşləri, nə də klub rəhbərliyini qane edə bilər.

Qış fasiləsində transfer olunan oyunçuların bir qisminin nə texniki bacarığı, nə də taktiki intizamı “Neftçi”nin ambisiyalarına uyğun gəlmir. Komanda 2 top öndə olduğu halda ardıcıl 4 qol buraxaraq məğlub olursa, burada yalnız fərdi səhvlərdən danışmaq sadəlövhlük olar.

Bu nöqtədə məsuliyyət bölgüsü qaçılmazdır: Uğursuzluğün 50%-i Samir Abasovun, 50%-si isə klub rəhbərliyinin payıdır. Strateji hədəf yalnız kağız üzərində qalıbsa, komandanın oyun fəlsəfəsi və üslubu formalaşmayıbsa, uğur yalnız təsadüflərə bel bağlamağa çevrilir. “Neftçi”nin büdcəsi və tarixi fonunda bu cür xaotik idarəetmə qəbuledilməzdir.

Futbol təkcə meydanda oynanan oyun deyil, həm də sistem və idarəetmə məntiqidir. “Neftçi” isə bu mövsüm hər iki müstəvidə imtahandan kəsilib. İndi əsas sual budur: Klub bu məğlubiyyətlərin əsasında duran problemləri həll edib sistemli islahat aparacaqmı?

Mirələm HƏSƏNLİ 


Paylaş: