
Sərxan Hacıyevin ikili oyunu
Azərbaycan futbolunun bugünkü acınacaqlı durumu təkcə Cahangir Fərəcullayevin yarıtmaz fəaliyyəti ilə izah oluna bilməz. Əslində, arxa planda susqun, lakin çox şeyə gücü çatan biri var. Bu şəxs AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevdir. İllərdir bu qurumda çalışan, futbol aləmini və mexanizmləri əzbər bilən bir şəxsin bu qədər passiv qalması sadəcə təsadüf ola bilməz.
Hacıyev hər şeyə rəğmən səssizdir. Halbuki tutduğu post ona kifayət qədər səlahiyyət verir. Proseslərə müdaxilə etməyə, problemlərə reaksiya verməyə, addım atmağa imkanları var. Amma o nə edir? Heç nə. Bu ya məsuliyyətsizlikdir, ya da planlı şəkildə Fərəcullayevi qabağa verib özünü kənarda saxlayan gizli bir siyasətin təzahürü. Hər iki halda nəticə faciəvidir: Azərbaycan futbolu uçuruma gedir, AFFA-da isə "mənə toxunmayan ilan min il yaşasın" düşüncəsi hökm sürür.
Sərxan Hacıyev ya bu oyunun qurucularından biridir, ya da onun ən səssiz icraçısı. Amma susmaq günahı boynuna almağın ən hiyləgər formasıdır. Əgər bu susqunluq siyasətdirsə, bu siyasət Azərbaycan futbolunun məhvinə xidmət edir. Yox əgər siyasət deyilsə, o zaman bu fəaliyyətsizliyə, bu bacarıqsızlığa bir ad qoymaq lazımdır. Çünki səlahiyyəti olduğu halda hərəkətsiz qalmaq, vəziyyəti dəyişmək gücün ola-ola seyirçi kimi dayanmaqdaha böyük məsuliyyət, daha ağır günahdır.
Sərxan Hacıyevi susduran nədir? Tapşırıqlar, qorxu, yoxsa sadəcə amansız bir biganəlik?
Mirələm HƏSƏNLİ