
Sıfırdan başlamaq və "inkişaf"ın ironiyası
AFFA-nın baş katibi Cahangir Fərəcullayev dünənki illik hesabat konfransında hər şeyə sıfırdan başlamağın vacibliyini vurğuladı. Bəs ötən il 33 milyon manat nəyə xərclənib? 1 il boyunca heç bir iş görülməyib ki, indi yenidən sıfırdan başlamağa qərar verilib? Yoxsa ötən ildən bu ilə qədər gördükləri “işlər” sadəcə rəqəmsal sıfırla nəticələnib? Yəni sıfırın ətrafında dövrə vurulub?
Sıfırdan başlamağa qərar verildiyini deyən Fərəcullayev demək istəyir ki, ötənilki sıfır hələ də sıfır olaraq qalır? Bəlkə də, bu "sıfır" AFFA-nın gələcək uğurlarının təməlini qoyur?
Bütün bu sıfırların fonunda hansı "inkişaf" gözlənilir? Təsəvvür edin ki, siz bir il boyunca böyük hədəflər qoyursunuz, amma nəticə sıfırdır və o sıfırla yenə də eyni yerlərə dönürsünüz. Bəs niyə əvvəlki sıfır ən azı 1-ə çevrilmədi?
AFFA-nın baş katibinin "sıfırdan başlama" şüarı gülməli ironiyadır. Bəlkə də Fərəcullayevin nəzərdə tutduğu "sıfırdan başlama" strategiyası sadəcə böyük bir sıfırın növbəti versiyası olacaq. Yaxşı, bəs bu versiyanın təfərrüatlarına daha dərindən baxmağa dəyərmi?
Mirələm HƏSƏNLİ