
Uşaq futbolu AFFA-nın uğursuz formatının qurbanıdır
AFFA-nın yeni rəhbərliyi ilə bağlı gözləntilər, görünür, yalnız strukturun daxili iqlimində "kosmetik dəyişikliklər" səviyyəsində qalıb. Konkret desək, uşaq futbolunda heç bir sistemik transformasiya müşahidə olunmur. Müşahidələr göstərir ki, mövcud vəziyyət dəyişmir.
Uşaq liqaları mexaniki şəkildə öz axarında davam edir, heç bir dinamik yenilənmə və proqramatik müdaxilə yoxdur. Mövsüm boyu oynanılan turlar "futbol simulyasiyası"ndan başqa bir şey deyil. Əgər rəqiblərin meydana çıxmadığı və təxirə salınmış görüşləri də nəzərə alsaq, bu oyunlar daha da ironik mənzərə yaradır.
İnkişaf hansı mexanizmə əsasən baş verir? Mütəxəssislər haqlı olaraq deyirlər ki, bu yaşda uşaqlar üçün 20-22 oyun illik inkişaf üçün nəinki yetərsizdir, hətta passivləşdirici faktordur.
Pley-off sisteminin özü isə ayrı bir paradoksdur. Məsələn, U-13 Liqasında 23 komandadan pley-off yolu ilə yalnız 5 komandanın oyunlara davam etməsi, digər 18 klubun isə aprel ayında mövsümü bitirməsi, uşaq futbolunun texniki iflasıdır. Bu da onu göstərir ki, AFFA-nın mövcud "inzibati texnologiyası" uşaqların inkişafına deyil, sistemin bürokratik davamlılığına xidmət edir.
Belə görünür ki, AFFA üçün uşaq futbolu fəaliyyət sahəsi deyil, statistik göstəricilərlə dolu, açılmayan və heç kimi maraqlandırmayan bir hesabat faylıdır.
Mirələm Həsənli