
"İlk görüşdə bəxtimiz gətirməmişdi"
“Gürcüstanla oyunda futbolçuların özlərinə inamları, xarakter göstərmələri qələbəyə gətirib çıxardı”.
Sportlife.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində Gürcüstana 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
O, rəqibin keyfiyyətli komanda olduğunu bildirib: “İlk oyunla bugünkü görüş arasında bir gün vaxtımız var idi. Həm özümüzün, həm də rəqibin çıxışını təhlil etmişdik. Son məşqi bunun üzərində qurduq, uşaqlara lazımi məlumatı verdik. Gürcüstan yığması keyfiyyətli komandadır, oyunçuları iki ilə yaxındır bir yerdədir. Biz isə yeni formalaşan kollektivik. Moldova ilə ilk görüşdə bəxtimiz gətirməmişdi. Topa sahib olan, daha çox qol vəziyyəti yaradan tərəf biz idik. Zamanla hər şey daha yaxşı olacaq. Müəyyən vaxt lazımdır. İnanıram ki, bu futbolçular növbəti illərdə yuxarı yaş qrupu üzrə millilərimizdə çıxış edəcəklər”.
Baş məşqçi Estoniya yığması ilə keçiriləcək son görüşdə də uğurlu nəticə əldə edəcəklərinə inandığını söyləyib: “Estoniya ilə oyuna qədər iki gün vaxtımız var. Həm rəqibi, həm öz oyunumuzu təhlil edəcək, səhvlərimizi aradan qaldırmağa çalışacağıq. Əsas odur ki, uşaqlarda özünəinam, xarakter var. Fikrimcə, daha yaxşı ola bilərik. Məqsədimiz Estoniya üzərində də qələbə qazanmaqdır”.
Qeyd edək ki, Azərbaycan – Estoniya matçı aprelin 19-da keçiriləcək.