"Artıq çəkisi olan insan gəlir ki, qolumda əzələ çıxmır" - MÜSAHİBƏ

  • 10 May 2024, 09:11

Fitness üzrə peşəkar qadın məşqçi Elnarə Məmmədovanın Sportlife.az-a müsahibəsini təqdim edirik.

Hazırda fəaliyyətiniz nədən ibarətdir?

- Beynəlxalq dərəcəli idman ustasıyam. Pauerliftinq üzrə 10 dəfə Azərbaycan, 5 dəfə isə dünya çempionu olmuşam. İnsanları düzgün bədən quruluşuna, həyat tərzində yönləndirirəm, hərbi məktəblərə hazırlıq üçün məşqlər keçirəm.

Bədən quruluşunun düzəlməyində və insanların fiziki cəhətdən inkişaf etməsində nəyə diqqət edirsiniz?

- Ən əsası yeməyə diqqət olunmalıdır. İdmanın 80-90 faizi düzgün qidalanmadır. Buna diqqət olunmasa, məşqin mənası yoxdur. Yuxu rejimi və həyat tərzinə də diqqət etməlidirlər. Yuxu rejimi düzgün olmayanda bədən inkişaf etmir. Məşqlərə başlamazdan öncə kardioya getməli, 15 dəqiqə yürüş etməlidirlər. Daha sonra isinmə hərəkətləri, yəni turnik və brusla məşğul olmalıdırlar. Ardınca 1 saat və ya saat yarım məşq prosesi olur. Çox məşq etmək də düzgün deyil. Müəyyən vaxt çərçivəsində idmanla məşğul olmaq daha sağlamdır. Ən azı həftədə 3 dəfə məşq etmək lazımdır. İçki və siqaretdən də uzaq durmaq lazımdır. Heç kəs idmançı doğulmur. Hamı yavaş-yavaş öyrənir. Məsələn, artıq çəkisi olan insan gəlir ki, qolumda əzələ çıxmır. Ona başa salıram ki, sənin hormonların yerində deyil. Onu balanslaşdırmaq üçün arıqlamalı, qarnını itirməlidir. Sonra məşqə başlamalıdır.

Axı Azərbaycan mətbəxi universaldır. Xüsusilə də xəmirli və yağlı qidalardan imtina etmək çox çətindir. Buraya gələnlər üçün bu qidalardan imtina etmək çətin olmur?

- Əlbəttə çətin olur. Xüsusilə də hormonal problemləri varsa, onlar üçün həmin yeməklərdən imtina etmək çox çətindir. Bəziləri fikirləşir ki, yağlı qida, çörək, şirniyyat yeməsə, gücü olmaz. Bu, əsla belə deyil. Hər səhər siz ən azı 5 qaynadılmış yumurta ağı, herkules yeməlisiniz. Şəkərdən imtina etməlisiniz. Amma təbii şəkər sayılan bal və ya meyvələrdən istifadə edə bilərsiniz. Günorta toyuğun döş əti ilə qidalanmalısınız. Gündə 5 dəfə amma düzgün qidalanmalısınız. Tam arıqlamaq istəyirsinizsə, karbohidratı - düyü, qarabaşaq, perlovanı tam yığışdırmalısınız.

Elə insanlar var ki, bəzən uzun müddət yemək yemirlər ki, arıqlasınlar. Bu, düzgündürmü?

- İdman edən insan üçün, bu, mümkün deyil. İdman edirsənsə, qidalanmalısan. Ac qalmaqla arıqlamaq olmaz. Məşqdən əvvəl də, sonra da qidalanmalısan.

İdman edənlər üçün alətlərdən istifadə zamanı ağırlığı necə tənzimləyirsiniz?

- Yeni gələndə yüngül məşqlər tapşırıram. Amma zaman keçdikcə, özü məşq etdikcə hiss edir ki, artıq daha ağırdan yapışmaq lazımdır. 

İdman zamanı musiqiyə qulaq asmaq insana xüsusi enerji verir?

- Bəli. Mən özüm də məşq edəndə sevdiyim musiqiyə qulaq asıram. Çox enerji verir insana. Ağır məşqlər üçün ağır rok, adrenalin dolu musiqi tövsiyə olunur.

Sonda pis vərdişləri olanlara nə tövsiyə edirsiniz?

- Pis vərdişi olanlar idmana başlamazdan əvvəl sağalmalıdırlar. Onlar psixoloji və ya fiziki müalicə alıb sağalmalı, sonradan idmana başlamalıdırlar. Mən dietoloq da deyiləm ki, qidalanmaya görə kimisə müalicə edim. Hərənin öz sahəsi var. Hormonal problemi olan da həkimə gedib, sağalmalı, sonra idmana başlamalıdır. Hamıya tövsiyəm odur ki, nə olursa olsun, idmansız qalmasınlar.

 

Qulammirzə Səfərli


Paylaş: