
Qoran Paratski: “Bu, bizi ikiqat sevindirir”
“Neftçi”nin yarımmüdafiəçisi Qoran Paratski “Zirə” ilə oyundan sonra klubun rəsmi saytına müsahibə verib.
Sportlife.az xəbər verir ki, qələbə qolunun müəllifi olan xorvatiyalı futbolçu zədəsinin ciddi olmayacağına ümid etdiyini bildirib:
- "Neftçi”nin heyətində qol hesabını açdız. Çox möhtəşəm qol alındı...
- Doğrudan da gözəl qol oldu. Amma bu qolun vacibliyi gözəlliyindən daha çoxdu. Çünki komandamıza qələbə qazandırdı. Bununla belə, təbii ki, "Neftçi”nin heyətində ilk qolu vurduğuma görə şadam.
- Oyun haqda nə deyə bilərsiz?
- Çətin oldu. Günah özümüzdədi. Çünki erkən qoldan sonra sanki arxayınlaşdıq, düşündük ki, artıq qələbə qazanmışıq. Amma buraxılan qoldan sonra komanda öz gücünü, xarakterini göstərə bildi, ikinci qolu vurub və 3 xal qazandı. Bu, bizi ikiqat sevindirir. Düşünürəm ki, mövsümboyu belə çətin oyunlar olacaq. Hər oyunda qalib gəlmək üçün çalışmalıyıq.
- Fasilədə baş məşqçi Roberto Bordin komanda üzvlərinə nə dedi?
- Elə mən düşündüyümü dedi. Dedi ki, qoldan sonra çox arxayın oynamağa başladız. Komanda özünü buraxmamalıdı, boşalmaq olmaz, toparlanmaq lazımdı. Rəqibə qarşı pressinq tətbiq edəndə, bu öz bəhrəsini verir. Baş məşqçi həmçinin bizə tapşırdı ki, topu çox saxlayaq. Gördüyünüz kimi, onun tövsiyələri ikinci hissədə bəhrəsini verdi.
- "Zirə” ilə oyun təkcə qol vurmağınızla yadda qalmadı. Həm də zədələndiz. Zədəniz nə dərəcədə ciddidi?
- Hələ bilmirəm, amma həm ümid edirəm, həm də düşünürəm ki, ciddi zədə deyil.
- Necə düşünürsüz, sizi kim birinci təbrik edəcək?
- Hələ komandadan başqa təbrik edən olmayıb. Çünki hələ telefondan istifadə etməmişəm. Oyundan indi çıxmışam. Amma məncə, ilk təbriki atamdan alacam. O, futbolçu olub. Xorvatiyada yaşasa da, mənim iştirak etdiyim bütün oyunları internet vasitəsilə izləyir. Təbii ki, həyat yoldaşım da bu gün məni təbrik edəcək. Bakıdadı, oyuna televizordan baxıb.