
Qurban Qurbanov püşkü dəyərləndirdi
“Çoxdandır belə komandalara qarşı oynamırıq”.
Sportlife.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün keçirilən püşkatmasında Azərbaycan çempionunun rəqibi bəlli olub. “Qarabağ” “Şelburn” – “Linfild” cütünün qalibi ilə görüşəcək. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə püşkü dəyərləndirib: “Linfild” bizə tanış rəqibdir. Onlara qarşı gərgin oyunlarımız keçmişdi. Ümumilikdə stabil komandadır. İrlandiya futbolu da sürətlə inkişaf etməyə başlayıb. Hər iki komanda, bəlkə də, bizə uyğun olmayan rəqibdir. Tez bir zamanda ətraflı məlumat topladıqdan sonra ciddi şəkildə hazırlaşacağıq. Belə komandaların istəyi çox olur, sürətə, güc futboluna üstünlük verirlər. İstənilən halda, Çempionlar Liqasında zəif komanda olmur, hamısı ambisiyalıdır. Bir aya yaxın vaxtımız var. Bu müddətdən düzgün istifadə etmək istəyirik. İlk oyunumuz səfərdə olacaq və bu ölkələrlə məsafə çox uzaqdır. Ancaq bunları özümüzə problem hesab etməli deyilik. Buna uyğun proqram quracağıq. İstənilən çətinliyə, uzaq yola və ya hava şəraitinə baxmayaraq, ilk matça hazır olmağa çalışacağıq”.
Qeyd edək ki, “Qarabağ” ilk oyununu səfərdə (22-23 iyul), cavab matçını 1 həftə sonra evdə keçirəcək.