Qurban Qurbanov: "Üstünlük "Sabah"ın tərəfindədir"
"Qarabağ" Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə "Zirə"ni 3:1 hesabı ilə məğlub edib.
Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Futbolçularımı təbrik edirəm. Çox yaxşı mübarizə oldu, meydanda dinamika var idi. Vacib oyun idi. Qarşımızda çox istəkli, bizi çox yaxşı təhlil edən kollektiv dayanmışdı. Sona qədər təslim olmadılar. Bizə rahat oynamağa imkan vermədilər. Rəşad Sadıqova və komandasına uğurlar arzulayıram.
- Uzun illərdir belə söhbətlər var ki, “Qarabağ” avrokuboklarda iştirakını dayandırdıqdan sonra daxili turnirlərdə qarşısıalınmaz olur, daha çox fokuslana bilir. Bu fərqi özünüz də hiss edirsiniz?
- 100 faiz. Avrokubok oyunları olmayanda daha sərbəst olursan. Amma hələ otpimal formamızdan uzağıq. Tam özümüzə gəlməmişik. Bəzi futbolçuların performansında çatışmazlıqlar var. Komanda bir az çox yorulur. Çempionlar Liqasında hər oyunda çox enerji itirdilər. Gərgin mövsüm keçdi. Hər matçdan öncə məsuliyyət, stress... Futbolçular çox yükləndilər. Hətta özüm də. İnanıram ki, qarşıdakı matçlara daha yaxşı köklənəcəklər. Hələ qarşıda yenə sıx qrafik olacaq. 3-4 gündən bir oynayacağıq. Xeyirlisi. Yenə də çalışacağıq ki, futbolçuları tam hazır edək və sıx qrafikə uyğunlaşsınlar. Bəli, düşüncə var ki, Avropa oyunları olmayanda hər məşqə və oyuna daha yaxşı fokuslanırlar.
- Leandro Andrade oyuna mərkəzdə başladı. Necə təsir bağışladı?
- Oyunun gedişatında olan rotasiya idi. Leandro həm sağ, həm sol cinahda, həm də ortada oynamağaı bacarır. Çox yaxşı performans göstərdi.
- Kamilo Duranın Kolumbiya millisinə dəvət edilməsini gözləyirdiniz? Dünya çempionatına getməsini real sayırsınız?
- Qabiliyyətli futbolçudur. Onun sürəti, davranışı, idman xarakteri imkan verə bilər ki, daha böyük futbolçu olsun, daha böyük turnirlərdə oynasın. Buna sevinərik. Görək hansı qərarı verəcəklər.
- Apreldə "Sabah" və Neftiçi" ilə ardıcıl oyunlarınız var. Bu cür qrafikə görə üzülmürsünüz ki?
- Kubok və çempionat oyunlarını ardıcıl eyni komanda ilə oynamaq xoş deyil. Bəzən azarkeşlər üçün də bir rəqiblə oynayıb, sonra pauza edib yenidən onlarla oynamaq yaxşıdır. Yəqin, qrafik sıxdır deyə, belə olub. Hər 2 komanda üçün eyni vəziyyət olacaq. Mən də istəyərdim ki, bir rəqiblə oynadıqdan sonra vaxt olsun, hazırlaşaq.
- Kris Kuaku rəqabətə hazır deyildi deyə ayrıldı?
- İntizamlı futbolçu idi. Özü də daha çox oynamaq istəyirdi. Az oynayırdı. Məşqçi olaraq onu başa düşərək, "yox" demədim. Onda da alınmadı, bizdə də. İndidən sonra oyunların sayı az olacaq, ehtiyac görmədik ki, onun qarşısını kəsək.
- Rui Jorjenin U-20 millisinə təyinatını necə qarşıladınız?
- Xeyirli olsun. Müzakirə olunan məsələ idi, hazırlıq gedirdi. Uğurlu olsun.
- Xoni Montiel və Marko Yankoviç arasında seçim edəndə, çox düşünürsünüz?
- 2-nin də meydanda olduğu vaxtlar çox olub. Son bir neçə matçda Yankoviç ardıcıl oynadı və yorğunluq ola bilər. Əsas odur ki, formada olsunlar və mən fikirləşim ki, kimi oynadaq (gülür).
- Sizcə, "Qalatasaray" "Liverpul" səddini İngiltərədə keçə bilər?
- İnamımız böyükdür. O stadionda oynamaq asan deyil. Amma "Qalatasaray"a bol-bol uğurlar arzulayırıq, dualarımız onlarladır. Allah qoysa, keçərlər. Onlar da çox yaxşı formadadır. Yaxşı xarakterli kollektiv var, təslim olmağı xoşlamırlar.
- Çempionlar Liqasında komandanız uğurlu çıxış etdi. Sizin özünüzə təkliflər var?
- Hələ Bakıdayıq (gülür).
- Sami Mmae əsas komandaya geri qaytarıla bilər?
- Ola bilər. Cəzalandırılmışdı. Qarşıdakı fasilədə baxacağıq.
- “Sabah”ın büdrəməsini real hesab edirsiniz?
- Bu dəqiqə çox yaxşı “Sabah” var. Özünəməxsus oyun üslubu olan komandadır, yaxşı kollektiv və yaxşı baş məşqçiləri var. Üstünlük onlar tərəfdədir. Amma sona qədər mübarizə aparacağıq. Heç kimə təslim olmurlar. Qarşıdakı matçlarda mütləq daha istəkli, daha ciddi olmalıyıq. Xeyirlisi. Heç vaxt deməmişəm ki, taleyimiz öz əlimizdədir, hər şey Allahın əlindədir.
- “Sabah”ın Qubadakı stadionda bu qədər qol vuracağını gözləyirdiz?
- Hazırkı “Sabah”ın istənilən komandaya o sayda qol vuracağını gözləyirəm. Stadionun durumu bizimlə oyundan daha yaxşı idi. Nə qədər futbolçu zədədən qurtuldu.