"Bunun resepti, sirri yoxdur"
Azərbaycan Premyer Liqasının XXIV turunun “İmişli” – “Sabah” oyunundan (0:5) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– Qələbədən çox məmnunam. Bu meydançada oynamaq çox çətindir. Texniki cəhətdən üstün olan komandalar üçün topa sahib olmaq həqiqətən çətindir. 10-15 metr məsafədə belə ötürmə etmək yaxşı alınmır. Bugünkü qələbəyə görə bütün “Sabah” ailəsini təbrik edirəm. Şükürlər olsun, buradan zədəsiz ayrılırıq. Qarşıdan “Sumqayıt”la oyun gəlir. Bütün diqqətimiz bu oyunda olacaq.
– Hücumda tez-tez itkilər olsa da, komanda stabilliyi qoruyur. Bunun xüsusi sirri var?
– Bunun resepti, sirri yoxdur. Sadəcə oyunçular tapşırıqları düzgün icra edir. Öz stilimiz yaranıb. Oyunçular da bu sistemə uyğunlaşır, istədiklərimizi düzgün yerinə yetirirlər. 3 gənc oyunçumuz – Maluda, Xəyal və Umarali 15 dəfə fərqləniblər. Mikels də qollar vurur. Oyunçuları fərdi fərqləndirmək istəməzdim. Kim meydana daxil olursa, töhfəsini verir. Məsələn, Kahim Perris bir müddət oynamadı, amma son matçlarda qollar vurur. Sekidika da zədədən qayıdıb və formasını bərpa edir. Onlar işlərinə məsuliyyətlə yanaşırlar. İnanırıq və işimizə davam edirik. Məncə, daha da yaxşı oynaya bilərik. Potensialımız var. Sadəcə vaxt, çalışmaq və inanmaq lazımdır. İnanıram ki, bir gün ən yüksək həddimizə çatacağıq.