Samir Abasov: "Rzanı zədəli-zədəli Belarusla oyuna buraxmışdılar"

  • 29 Mart 2025, 19:41

"Neftçi" Azərbaycan Premyer Liqasının XXVIII turunda doğma meydanda "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.

Sportlife.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında əvvəlcə matçla bağlı fikirlərini bölüşüb, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb.

- Hakimlikdən narazı idiniz?

Bəli, çox narazı idim, əsəbiləşmişdim. Oyunun gedişatında səbirli olursan, amma epizodlar üst-üstə gələndə emosiyaları saxlamaq olmur. Bizim oyunlarımızdakı hakimlik çox aşağı səviyyədədir. Səbəbini deyə bilmərəm. Bugünkü və bundan əvvəlki matçlarda da belə şeylər olurdu: temp öldürmək, bir tərəfli qərarlar. Bu da bizi narahat etməyə başlayıb.

- "Sabah"la kubok oyununda hansı dəyişikliyi edəcəksiniz?

Öz oyunumuza köklənməliyik. İlk qarşılaşma öz meydanımızdadır. Hər şeyi etməyə çalışacağıq. Qorxduğumuz məqamlar var. 2-3 futbolçunu da itirə bilərik. Təki, oyunçular sağlam olsunlar.

- Komandaya gələndən futbolçuları mental olaraq düzəltməyə çalışırsınız. Millidən gələn oyunçuların psixoloji durumu daha pis idi?

Hər bir azərbaycanlı millimiz uduzduğu üçün üzülür. Psixoloji durumdan əlavə, fiziki durumları oradan gələndən sonra yaxşı deyildi. Bir az Rza Cəfərovun zədəsi narahat edir. Zədəli-zədəli Belarusla oyuna buraxmışdılar. Bilmirəm niyə? Belə məqamlar bizi narahat edir. Rzanı itirə bilərik. Elvin Camalovun psixoloji durumu yaxşı deyil. O, burada uduzanda da çox əsəbiləşən biridir. Xarakterli uşaqdır. Onunla danışdım. Deyiləsi bir şey yoxdur.

- "Sabah"la kubok görüşü öncəsi sizi narahat edən nədir?

- Oyunqabağı neqativ bir şey yoxdur. Sabahdan həmin matça hazırlaşacağıq. Oyunçular barədə fərdi danışmaq istəmirəm. Sambu son oyunlarda qol vurur. Onu itirmək çox pisdir. Hələ də başa düşmürəm ki, onun "qırmızı"sı niyə ləğv edilmədi. Epizodlar var ki, bundan da pisdir. "Nottingem Forrest" - "Mançester Siti" görüşündə epizod oldu, hakim heç sarı vərəqə də göstərmədi. Sambuya iki oyun cəza niyə verildi? Məqsəd nə idi? Mənim üçün qaranlıq qalır. Yəqin ki, niyəsini heç bilməyəcəm də. Fakt odur ki, heç nədən oyunçumuzu itirdik.


Paylaş: