
Lotoreyadan futbola: Cahangir Fərəcullayevin təyinatının pərdəarxasında nə durur?
Azərbaycan futbolunda qərarvermə mexanizmi artıq çoxdan idman prinsiplərindən uzaqlaşıb və yeni təyinatlar da bunu bir daha təsdiqləyir. Məsələn, Cahangir Fərəcullayevin AFFA-nın baş katibi postuna təyin edilməsi kimi. Bu qərar nə məntiqi əsaslara söykənir, nə də futbol idarəçiliyindəki təcrübəyə...
Cahangir Fərəcullayevin AFFA-nın ən mühüm postlarından biri olan baş katiblik vəzifəsinə birdən-birə göydəndüşmə təyinatı uzun müddətdir müzakirə olunur. AFFA bu təyinatın necə və hansı səbəblərə görə edildiyinə dair heç bir açıqlama verməyib. Fərəcullayevin də bu barədə müfəssəl açıqlaması olmayıb. Federasiyanın rəsmi saytındakı qısa məlumat belədir:
"2019-2020 illərdə "Topaz" şirkətinin baş direktoru olub. 2021-ci ildən indiyə qədər "Azərlotereya" ASC-də baş direktorun müşaviri və LMK şirkətində baş direktor vəzifəsində çalışıb".
Baş katib barədə yetərli məlumat olmadığından internet resurslarında axtarış apardıq və maraqlı məqamlarla qarşılaşdıq. Həmin mənbələrin linklərini sonda qeyd edəcəyik.
Axtarışlardan belə məlum oldu ki, təyinatın arxasında duran əsas səbəb Fərəcullayevin iqtisadiyyat naziri Mikayıl Cabbarovun yaxın çevrəsinə aid olmasıdır. Görünür, bu, Azərbaycan futboluna rəhbərlik etmək üçün artıq kifayət edən əsas göstəricidir.
Qeyd olunur ki, Cabbarovun yaxın dostu və kadrı kimi tanınan Fərəcullayev "Azərlotereya"da işlədiyi dövrdə ölkədə lotoreya biletlərinin satışını tamamilə öz nəzarətinə keçirnəyə çalışıb və buna nail olub. İşin ironiyası ondadır ki, bu təyinat, əslində, bir növ "cəzalandırma" kimi də görünə bilər. Yəni, "Azərlotereya"da yaratdığı şübhəli vəziyyətlər onun sonradan sistem daxilindən uzaqlaşdırılması ilə nəticələnib.
Həmin dövrdə satılan biletlər üzrə uduş fondunun nə qədər olması barədə heç bir maliyyə hesabatı verilməyib. Hansı ki, əksər ölkələrdə satılmış biletlər üzrə keçirilən lotoreya oyunlarının tirajı haqqında istehlakçılara şəffaf bilgilər verilir. Bu da ilk növbədə uduş fondları ilə bağlı ciddi şübhələrin yayılmasına səbəb olub.
Həmin xəbərlərdən birində yazılıb ki, Fərəcullayev məlum qanun pozuntuları ilə özündən daha çox məhz Mikayıl Cabbarovu hədəfə gətirir və müvafiq qaydada cəzalandırıla bilər.
Maraqlıdır, Fərəcullayevin cəzası AFFA-da mühüm vəzifəyə gətirilmək ola bilərmi?
Görəsən, futbola heç bir aidiyyəti olmayan biri lotoreyadan sonra Azərbaycan futbolunda hansı işləri ilə yadda qalacaq?
Mirələm HƏSƏNLİ
Link 1: https://www.faktinfo.az/news/azerlotoreyanin-da-altindan-mikayil-cabbarov-cixdi-ilginc-iddialar
Link 2:
https://www.faktinfo.az/news/cabbarov-ferecullayevi-cezalandira-biler-iddia