"Təki, uğurlu seriyamız sona qədər davam etsin" - MÜSAHİBƏ

  • 1 Aprel 2025, 19:13

"Zirə"nin futbolçusu İsmayıl İbrahimlinin Sportlife.az saytına müsahibəsi

- Premyer Liqanın son turunda "Şamaxı"ya qalib gəldiniz. Həmin matç barədə fikirlərinizi bilmək maraqlı olardı...

- "Şamaxı" yaxşı müdafiə olunmağı bacaran və təhlükəli əks hücumlar yaradan komandadır. Onlarla matçda çox diqqətli olmalıydıq. Oyunda ilk  hissə istədiyimiz kimi keçməsə də, 2-ci yarıda kəsərli hücumlar edə bildik. Bu görüşdə 3 xalı qazanmaq çox vacib idi və bunu da bacardıq.

- Komandanız ardıcıl 6 matçdır məğlub olmur. Uğurlu seriyanın yaranmasında xüsusi bir səbəb varmı?

- Xüsusi bir səbəb yoxdur. Hər oyuna ciddi hazırlaşırıq. Təki, uğurlu seriyamız mövsümün sonuna qədər davam etsin. 

- Yusuf Lavalın yoxluğu komandaya necə təsir edir?

- Əlbəttə, hər oyunçunun sağlam olmasını istəyərdik. Yusuf  Laval da komanda üçün çox önəmli oyunçudur.  Ümid edirəm ki, tezliklə aramıza qayıdar.
 
- Kubokda mübarizəni dayandırmağınız çempionata daha çox diqqət ayırmağa imkan verdi?

- Kubokda məqsədimiz finala qədər getmək idi. "Araz-Naxçıvan"la cavab oyununda mərhələ keçməyə çoxlu cəhd etdik, alınmadı. 

- Növbəti matçınız "Qarabağ"a qarşı olacaq. Liderlə qarşılaşmada uğurlu seriyanı qorumaq mümkün olacaq?

"Qarabağ"la səfər oyununun necə çətin olacağını bilirik. Ümumiyyətlə, bizim "Qarabağ"la oyunlarımız çox gərgin və maraqlı keçir. Çalışacağıq ki, lazım olan nəticəni qazanaq.

Akif ƏHMƏDOV


Paylaş: