Vaqif Cavadov: "Çətin dönəmdən keçməli idim

  • Dünən, 21:00

"Səbrlə, başımızı aşağı salaraq, öz yolumuza davam edəcəyik".

Sportlife.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov səfərdə "Turan Tovuz" komandasını 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.

35 yaşlı mütəxəssis qarşılaşmanın gərgin keçdiyini bildirib: “Hər iki komanda qalib gəlmək istəyirdi, amma biz daha istəkli idik və 3 xalı qazandıq. Kurban Berdıyev yaxşı komanda qurub, onlara növbəti oyunlarda uğurlar arzu edirəm".

Vaqif Cavadov komandasının çətin dönəmi haqda söz açıb :"Turan Tovuz"un üstün tərəflərini bilirdik. Bütün futbolçularıma təşəkkür edirəm. Təzyiqlərə baxmayaraq, məğlub olmağımıza və 11 oyun qol vura bilməməyimizə rəğmən futbolçularla, rəhbərliklə bir olduq. Qələbədə futbolçuların payı çoxdur. Çətin dönəmdən keçməli idim, bu, hər bir məşqçinin karyerasında olmalıdır. Səhvlərim ola bilər, amma situasiyadan çıxmaq üçün güclü olmalı idik və bu güc məndə var idi. Futbolçularıma inandığımı dəfələrlə demişəm. Çətin zolaqdan keçdik, bunun səbəbləri var idi. Qələbələr bizi çətin durumdan yaxşı duruma gətirib çıxardı".

O, "Sumqayıt"da qapıçı seçimi haqda danışıb: "Sumqayıt"a gələndən akademiyanın futbolçularına da üstünlük verirəm, Xəyal Fərzullayev də akademiya üzvüdür. Mehdi Cənnətov əsas qapıçılarımızdan biridir, "1 nömrədir". Amma son zamanlar buraxdığı qollara görə emosiyaları var idi, istirahətə ehtiyac duyurdu. Son 3 oyunda Xəyala şans verdik və özünü doğrurtdu. Ona inamım çox idi, ayaqla çox yaxşı oynayır. Bu, gənc oyunçulara komandamda hər zaman yerin olduğunu göstərir. Hər üç qapıçımıza güvənimiz yüksəkdir".

Baş məşqçi komandasında hər şeyin qaydasında olduğunu bildirib: “Komandada işlər hər zaman yolunda idi. Hər dəfə demişəm və deyəcəyəm: dəfələrlə məğlub olsaq da, komandada hər şey qaydasındadır. Nə isə olsaydı, yəqin ki, bu gün burada oturmazdım. Səbrlə, başımızı aşağı salaraq, öz yolumuza davam edəcəyik. İnanıram ki, hər şey bundan sonra da qaydasında olacaq. Futbolçularıma isə bir daha təşəkkürümü bildirirəm".

V.Cavadov "Turan Tovuz"un standart vəziyyətlərinə qarşı hazırlaşdıqlarını vurğulayıb: "Rəqibin künc zərbələrinə cavab üzərində məşq etmişdik. Rəqibin 15 künc zərbəsindən yalnız 1-də boşluq verməyimiz, yəqin ki, təsadüfdür (gülür - red.). Bunlar hər oyunda alına da bilər, alınmaya da. Bu gün bəlkə də qol imkanlarımız az oldu, amma istədiyimizə nail olduq və komandam qalib gəldi".


Paylaş: