'Zirə"nin stabil uğuru və çatışmazlıqları: Parlayan A komanda, kölgədə qalan akademiya

  • Dünən, 15:51

"Zirə" ardıcıl ikinci mövsümdə Azərbaycan Premyer Liqasında gümüş medalları qazanaraq artıq ölkə futbolunun sabit güclərindən birinə çevrildiyini təsdiqlədi. Bu uğur həm də klubun sistemli şəkildə qurduğu strategiyanın məhsuludur. 

Rəşad Sadıqovun rəhbərliyi altında komanda yalnız turnir cədvəlində deyil, həm də oyun keyfiyyətində, qol məhsuldarlığında və xal sayında irəliləyiş göstərdi. Əvvəlki mövsümlə müqayisədə 16 xallıq fərq inkişafın miqyasını açıq şəkildə ortaya qoyur.

Bu nailiyyət "Zirə"nin büdcə baxımından "Qarabağ", "Neftçi" və "Sabah" kimi klublardan geri qalmasına baxmayaraq əldə olunub. Bu fakt bir daha sübut edir ki, düzgün planlama və peşəkar idarəetmə maliyyə imkanlarından da önəmlidir.

Lakin tablonun digər tərəfində fərqli bir mənzərə var. A komandanın uğuruna rəğmən, "Zirə"nin akademiyasında eyni sabitlik və inkişafdan söz açmaq çətindir. Gələcəyin əsası olan infrastruktur, gənc istedadların yetişdirilməsi və sistemli yanaşmadakı çatışmazlıqlar özünü göstərməkdədir.

Əgər "Zirə" yalnız bu günün deyil, sabahın da klubu olmaq istəyirsə, əsas komanda ilə yanaşı, aşağı yaş qruplarında da davamlı inkişafı təmin etməlidir. Gümüş medallar nailiyyətin rəmzidir, lakin uğurun davamlılığı üçün güclü baza vacibdir.

Sportlife.az


Paylaş: