Axundovun ziddiyyətli futbol fəlsəfəsi

  • 14 Fevral 2025, 11:59

Azərbaycan futbolunda sözlər topdan daha sürətli hərəkət edir. Bu meydanın usta oyunçularından biri də Zaur Axundovdur – Naxçıvan Futbol Federasiyasının prezidenti və "Araz-Naxçıvan" klubunun qeyri-rəsmi rəhbəri. Onun çıxışlarını diqqətlə oxuduqda bir məntiq tapmağa çalışırsan, amma sonda çaşqınlıq içində qalırsan.

Axundov deyir ki, komanda sayının artırılması müsbət haldır, xüsusilə regionlar üçün. Tamamilə razıyıq! Sonra deyir ki, Azərbaycan futbolu təkcə Bakı və Abşeronla məhdudlaşmamalıdır, ölkənin hər bölgəsində futbol inkişaf etməlidir. Doğrudur! Amma gəl görək, bu fikirləri səsləndirən şəxs öz komandası ilə nə edib?

“Araz-Naxçıvan” region klubu sayılır, amma özü Bakıda məskunlaşıb. Klubun Naxçıvana qayıtması haqda suallar yarananda Axundov özü də aydın cavab verə bilmir, dərhal bəhanələr gətirir:

"Plan hazırdır, qərar verilməlidir, maliyyə ayrılmalıdır. Stadiona baxış keçirilib, amma bu, mənim səlahiyyətimdə deyil" – yəni heç nə məlum deyil...

Qərar kimdən asılıdır? Naxçıvan Futbol Federasiyasının prezidenti kimi Axundovun bu məsələdə heç bir səlahiyyəti yoxdursa, o zaman o bu vəzifədə niyə oturub? Klubun nə vaxt Naxçıvana qayıdacağını özü də bilmir. O zaman sual yaranır: Əgər region futbolunun inkişafını istəyirsinizsə, niyə "Araz-Naxçıvan" hələ də Bakıdadır?

O, deyir ki, stadion məsələsi "tək məndən asılı deyil" və "stadiona baxış keçirilib, müəyyən şirkətlərlə danışılıb, amma maliyyə ayrılmalıdır." Gəlin, bunu detallı analiz edək.
Əgər Axundov Naxçıvan Futbol Federasiyasının prezidenti kimi stadionla bağlı qərar verə bilmirsə, bəs kim verməlidir?

"Maliyyə ayrılmalıdır" – yaxşı, bu maliyyə haradan ayrılmalıdır? AFFA-dan, yoxsa klub sponsorlarından? Əgər bu məsələ açıqdırsa, niyə konkret addımlar atılmır?

"Araz-Naxçıvan" klubunun Naxçıvana qayıtması üçün stadion problemi həll edilməlidir. Amma stadionu kim təmir etməlidir? Axundov özü deyir ki, bu, onun səlahiyyətində deyil. O zaman sual yaranır: stadion işlərini kim həll etməlidir? Əgər bunu edə bilmirsə, niyə bu vəzifədədir?

Axundovun ən ziddiyyətli fikirlərindən biri də məşqçilər və futbolçular haqda dedikləridir. Millinin baş məşqçisi Fernando Santuşun ictimaiyyətdə tənqid olunmasına cavab olaraq o deyir:

"Meydana Santuş çıxmır ki. Lap tutaq ki, onu göndərib yerinə Mourinyonu gətirdik. Əsas meydana çıxan 11 futbolçu can qoymalıdır."
Yəni burada günahkar futbolçulardır, məşqçi yox. O zaman gəlin, Axundovun başqa bir fikrinə nəzər yetirək:

"İdmanda belə səhvlər olmaz. Burada əsas yük məşqçilər korpusunun üzərinə düşür." - Bu isə tam tərs fikirdir! Millidə günahkar futbolçular olur, klubda məşqçilər? Axundov bir tərəfdən deyir ki, futbolçular məsuliyyət daşımalıdır, amma digər tərəfdən klubun uğursuzluğunda bütün məsuliyyəti məşqçilərə yükləyir. Əgər millidə futbolçuların məsuliyyət daşıdığını deyirsə, onda niyə klublarda məşqçilər əsas günahkar elan edilir?

Zaur Axundovun futbol siyasəti ziddiyyətlər və bəhanələr üzərində qurulub. O, hər kəsin xoşuna gələcək açıqlamalar verir:

"Region futbolu inkişaf etməlidir!"

"Klubların sayı artmalıdır!"

"Futbolçular daha çox can qoymalıdır!"

Amma icra mərhələsində heç nə baş vermir:

"Araz-Naxçıvan" hələ də Bakıda qalıb.

Klubun Naxçıvana qayıtması haqda konkret plan yoxdur.

Məşqçilər günahkar çıxarılır, amma futbolçuların məsuliyyət daşıması yalnız millidə yada düşür.

Stadion problemi həll olunmur, çünki "mən tikməmişəm."

Axundovun hər kəsin ürəyincə olan maraqlı cümlələri var, amma nəticə yoxdur. Onun fikirləri çox gözəl səslənir, amma öz içində ziddiyyətlidir. Əgər region futbolunu inkişaf etdirmək istəyirsə, ilk növbədə “Araz-Naxçıvan”ın Naxçıvana qayıtdığını görməliyik.

Axundov üçün əsas məsələ danışmaqdır. Futbol isə danışıqla yox, icraatla, konkret addımlarla inkişaf edir. Amma görünür ki, bu addımların atılması üçün hələ uzun illər lazım olacaq. Çünki Zaur Axundovun yanaşmasında hər şey var – planlar, sözlər, vədlər... Təkcə reallıq çatışmır.

Mirələm Həsənli


Paylaş: