"Qarabağ" uduzdu - Aldı, satdı, yetişdirmədi

  • Dünən, 11:53

Bəlkə də Avropa arenasında heç vaxt bu qədər aciz bir "Qarabağ" görməmişdik. "Qarabağ" yenə uduzdu və biz yenə günahkar axtarırıq. Günahkar kimdir? 

Yəni indi oturub bu məğlubiyyətin səbəblərini müzakirə edək? Məgər bizim başqa dərdimiz yoxdur? Bütün problem budur?

 Bir anlıq sakitləşib, bu komandanın heyətində neçə azərbaycanlının yer aldığını və onların necə çıxış etdiyini düşünək. Məni daha çox düşündürən sual budur: Niyə yetişdirdiyimiz azərbaycanlı futbolçuların adı Avropa klublarının transfer siyahılarında yoxdur? İllərdir klublarımızın futbol akademiyaları fəaliyyət göstərir, bəs niyə bu günə qədər bir azərbaycanlı futbolçunun Avropa transferi ilə öyünə bilmirik?

Biz Juninyonu satmağı bacardıq, öz yerli yetirmələrimizi nə vaxt Avropa bazarına çıxaracağıq? Yoxsa biz həqiqətən də futbol deyil, legioner bazarı qurmuşuq? Bəlkə də bu suallara cavab tapılmadığı üçün biz hələ də eyni yerdəyik.

Nə vaxt ki, "Qarabağ" təkcə qələbələri ilə deyil, həm də yetişdirdiyi azərbaycanlı futbolçuları Avropa klublarına "satış etməyi" bacaracaq, o zaman istədiyimiz zirvəyə doğru irəliləyəcəyik. Yoxsa hər dəfə bir legioner gedəcək, digəri gələcək, biz isə bu "yarı peşəkar" uğurla kifayətlənəcəyik.

Ölkə futbolu yalnız legionerlərlə irəliləməyəcək. Yerli istedad yetişdirmək üçün vaxt gedir, amma hər gecikdiyimiz gün gələcəyimizə vurulan zərbədir. İndi düşünək: Futbol inkişaf etdirmək istəyirik, yoxsa legionerlərin kölgəsində yaşamağa davam etmək?

Əgər Avropa arenasında istədiyimiz "Qarabağ"ı görmək istəyiriksə, bu sualları müzakirə etmək məcburiyyətindəyik. Əks halda, uğursuzluqları ört-basdır edəcək başqa legionerlər tapılacaq...

Mirələm Həsənli 


Paylaş: