Seçmə mərhələ yarışları keçiriləcək

Seçmə mərhələ yarışları keçiriləcək

  • 20 Fevral 2018, 13:32

24 fevral-4 mart tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 1-ci seçmə mərhələ yarışları keçiriləcək. Sportlife.az xəbər verir ki, məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda fevralın 24-25-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulacaqlar. 28 fevral və 1 mart tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, martın 3-4-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000 və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcək.

Mərhələ yarışları ildə 4 dəfə keçirilir.


Paylaş: